Suraxanı rayonunda Gənclər günü qeyd olunmuşdur
2 fevral 2022-ci il tarixində “Atəşgah” Dövlət Tarix-Memarlıq Qoruğunda “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təqdim etdiyi tədbir keçirilmişdir. Gənclər gününə həsr olunmuş tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yüsifov, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişlər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidənin önünə tər güllər düzülmüşdür. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bütün gəncləri “2 Fevral – Azərbaycan Gənclər Günü” münasibətilə təbrik etmiş və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycanda uğurla həyata keçirilən mütərəqqi gənclər siyasətinin gənc nəslin inkişafında, eləcə də onların vətənpərvər ruhda formalaşmasında önəmli rol oynadığını bildirmişdir. Həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncinin cəsarətini, hünərini, əzmini bütün dünyaya nümayiş etdirdiyini bir daha vurğulayan Əziz Əzizov bütün Şəhidlərimizə Allahdan rəhmət diləmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gəncləri təbrik edərək bildirmişdir ki, ən çətin vaxtlarda, 90-cı illərin əvvələrində gənclərin yada düşmədiyi, ölkədə adi sosial qayğıların baş alıb getdiyi zamanlarda Ulu Öndər Heydər Əliyev gənclərin ölkəmizin gələcəyi olduğunu bilərək mühum addımlar atmışdır. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər yetişməkdə olan gənc nəsilə qayğını hər zaman ön plana çəkmişdir. Məqsədi ölkənin gələcəyini etibarlı əllərə əmanət etmək idi və o, öz məqsədinə çatmışdır. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir. Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, bu gün Azərbaycan gəncləri öz inkişaflarının qızıl dövrlərini yaşamaqdadırlar. Son 18 ildə yetişmiş gənclər böyük qayğı və imkanlarla əhatə olunmuşlar. Ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev gənclərə etimad göstərir, gənclər də öz növbəsində Prezidenti dəstəkləyirlər. Qalib xalqın qalib nümayəndələri olan Azərbaycan gəncləri şanlı Zəfərin əldə olunmasında da tarixi rola malikdirlər.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva öz çıxışında bildirmişdir ki, bu gün Azərbaycanda cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində gənclər siyasətinin hüquqi bazası kifayət qədər gücləndirilmişdir. Ötən illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” və digər qəbul olunmuş qərarlar və qanunlar, atılmış addımlar gəncliyimizin inkişafını təmin etməkdədir.
Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yüsifov öz çıxışında gəncləri təbrik edərək Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində Suraxanı rayon gənclərinin rolunu xüsusi vurğulamışdır. O, öz əminliyini bildirmişdir ki, Suraxanı rayon gəncləri bundan sonra da həyata keçirilən tədbir və layihələrdə fəal iştirak edəcəklər.
Suraxanı rayon gəncləri adından çıxış edən YAP Suraxanı rayon təşkilatının fəal gənci Aysel Ələkbərzadə “2 Fevral – Azərbaycan Gənclər günü”nü gənclərə bəxş edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında baş əyərək bildirmişdir ki, bütün Azərbaycan gəncliyi kimi Suraxanı gəncləri də ən layiqli davamçı cənab Prezident İlham Əliyevin hər addımında, hər qərarında onun yanında olacaqlar.
2021-ci ildə Suraxanı rayonunda həyata keçirilmiş tədbir və layihələrdə fəal iştirak etmiş gənclər “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunmuşlar. Daha sonra tədbir rayon gənclərinin ifasında müsiqi nömrələri və rəqslər ilə davam etmişdir.