Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Suraxanı rayonunda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi Şəhidi Cavanşir Rəhimovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun Qaraçuxur qəsəbəsi, Neftçilər parkında yerləşən büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycanın ən gənc Milli Qəhrəmanı olan Cavanşir Rəhimovun göstərdiyi şücaətlə bağlı məlumatlar diqqətə çatdırıldıqdan sonra onun həyat və döyüş yoluna həsr olunmuş Azərbaycan Mədəniyyət Nazirliyinin Səlnamə studiyası tərəfindən 2013-cu ildə lentə alınan, rejissoru və ssenari müəllifi Kəmalə Musazadə olan “Cavanşir” sənədli filmi nümayiş olunub.

Tədbirdə Milli Qəhrəman Cavanşir Rəhimovun adını daşıyan 146 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatından sonra RİH başçısı Əziz Əzizov çıxışında qeyd edib ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəxsi igidliyə, şücaətə və xidməti borclarının yerinə yetirilməsində göstərdikləri misilsiz xidmətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur.

YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxışında şəhidlərə öz dərin ehtiramını ifadə etmişdir. Yerli təşkilatın sədri Birinci Qarabağ müharibəsində şəhid olaraq adını Vətənin şanlı tarixinə yazan Cavanşir Rəhimovun qısa lakin mənalı həyat yolunun gənclərə, yeni yetişən nəsilə nümunə olduğunu bildirmişdir. Vüqar Seyidov İkinci Qarabağ müharibəsində Şəhid olan oğullarımızın formalaşmasında, Vətənpərvər ruhda yetişməsində Birinci Qarabağ müharibəsi Şəhidlərinin, qazilərinin və veteranlarının əvəzsiz rolları olduqlarını xüsusi vurğuladı.

Müdafiə Nazirliyinin əməkdaşı Amil Rəhimli, Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Eldar Rüstəmov, Əməkdar artist, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək bildiriblər ki, məhz Milli Qəhrəmanlarımızın şərəfli həyat yolu, igidliyi, mərdliyi, şücaəti, qəhrəmanlığı Azərbaycan gəncliyi üçün böyük örnək və stimuldu.

Sonda qəhrəmanın anası Lalə xanım çıxış edərək dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Yeni Azərbaycan Partiyasının  Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, dərin minnətdarlığını bildirib.