Suraxanı rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olunub
07 mart 2022 – ci il tarixində Suraxanı rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olunub. Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, digər rəsmi şəxslər və rayon ictimaiyyətinin nümayəndələri, Şəhid ailələri, rayonun idarə, müəssisə, təşkilatlarının xanım kollektivləri, ziyalılar iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə rayonun bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb. Əziz Əzizov xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını tam azad, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığını bütün dünyaya aydın şəkildə nümayiş etdirir. Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olaraq öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlamışlar.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da öz növbəsində qadınları təbrik edərək bildirmişdir ki, cəmiyyətimizin inkişafında zərif cinsin nümayəndələrinin müstəsna xidmətləri vardır. Dövlətimizin və Yeni Azərbaycan Partiyasının qadınlarla, gender siyasəti ilə bağlı həyata keçirdiyi layihələrə toxunan YAP rəsmisi ifadə etmişdir ki, bu gün Azərbaycan qadını cəmiyyətimizin bütün sferalarında, dövlət idarəetməsində fəal iştirak edir. Prezident, YAP – ın sədri cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın qadınların inkişafında rolunu xüsusi vurğulayan yerli təşkilatın sədri YAP Suraxanı rayon təşkilatında təmsil olunan qadınların da bu diqqət və qayğıdan öz töhfələrini aldığını ifadə etmişdir. Rayon təşkilatında təmsil olunan qadınların fəaliyyətini yüksək qiymətləndirən Vüqar Seyidov onlara öz dərin minnətdarlığını bildirmişdir.
Bayram tədbirində Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, B.Qulamoğlu adına 285 saylı tam orta məktəbin direktoru Səfurə Rəhimova, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının direktoru Xəyalə Veyisova, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyeva çıxış edərək bütün xanımları təbrik etmişlər.
Tədbirə dəvət edilmiş bütün qadınlara qiymətli hədiyyələr təqdim edilmiş, eləcə də rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar RİH başçısının Fəxri fərmanı ilə mükafatlandırılmışlar.
Tədbir sevilən ifaçıların və rəqs qruplarının təqdimatında bədii hissə ilə davam etmişdir.