Suraxanı rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilmişdir

Suraxanı rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilmişdir

3 dekabr - Beynəlxalq əlillər günü münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək, müharibə əlillərinin, Çernobıl qəzasının iştirakçılarının və müxtəlif səbəblərdən əlil olmuş rayon sakinlərinin, Şəhid ailələrinin iştirakı ilə “Elçin” şadlıq evində tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisə seçilmiş deputatlar Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  təşkilatının sədr müavini Cəlil Xəlilov və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbirin əvvəlində xüsusi istedadı və qabiliyyəti ilə seçilən fiziki məhdudiyyətli əlillərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilmişdir. Dövlət himninin səsləndirilməsindən sonra, Azərbaycan Respublikasının Umumilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə keçirilən 3 dekabr - Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Xüsusi ilə qeyd olunmuşdur ki, Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi zamanı imzalanan ilk fərmanlarından biri məhz “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman olmuşdur. Bu Fərmanla müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsinə start verilmişdir.

Tədbirdə çıxış edən, Suraxanı rayonundan Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, 2016-cı il aprel döyüşlərinin iştirakçısı Elşən Qarayev, “Müharibə veteranları Təşkilatının” sədri Eldar Rüstəmov, Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medal qalibi, Şöhrət ordenli Para-atlet Elvin Astanov, Paralimpiyaçı Taekvando üzrə 3 qat dünya və 4 qat Avropa çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası, Əlilliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiya İctimai Birliyinin sədri, Parataekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Prezident Mükafatçısı Aynur Məmmədova əlillərə göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Daha sonra tədbir 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin şagirdlərinin, Milli Paralimpiya Komitəsinin Əlil arabasında rəqs idman növü üzrə təmsilçisinin, Suraxanı Rayon Gənclər Evinin fəal gənclərinin, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin və 37 nömrəli Musiqi məktəbinin şagirdlərinin və sevilən müğənnilərin təqdimatları, ifaları ilə davam etmişdir.

Sonda RİH başçısının Fəxri Fərmanı ilə təltifetmə mərasimi keçirilmiş və tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilmişdir.