Suraxanı rayonunda “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə tədbir keçirilmişdir

Suraxanı rayonunda “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə tədbir keçirilmişdir

“Suraxanı Oyl S.A.” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə neft tullantılarından təmizlənmiş ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri görülmüşdür. Mövsümə uyğun ağac və kollar əkilmiş, Abşeronun sərt iqlim şəraitinə bitkilərin uyğunlaşması üçün damcılı suvarma sisteminin quraşdırılmasına başlanmışdır.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, “Suraxanı Oyl S.A.” Əməliyyat Şirkətinin rəhbəri Rövşən Rzayev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və digər rəsmi şəxslər iştirak ediblər.

Əməliyyat Şirkətinin Prezidenti Rövşən Rzayev diqqətə çatdırmışdır ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən bəhs edilmiş, İkinci Qarabağ müharibəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı qeyd edilmişdir.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov çıxışında qeyd etmişdir ki, müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövləti regionda davamlı və möhkəm sülhün, sabitliyin bərqərar edilməsində, qorunmasında mühüm rol oynayır. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılmışdır.

Tədbirdə çıxış etmiş YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin apardığı uzaqgörən siyasəti uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin atdığı müdrik və qətiyyətli addımlar sayəsində regionda sülh və sabitlik təmin edilmiş, həm ölkəmiz, həm də region xalqları üçün yeni perspektivlər yaradılmışdır. Vətənimizin rəşadətli ordusu qəhrəmanlıq və igidlik göstərərək düşmən tapdağında olan ərazilərimizi işğaldan azad etmiş, əsgər və zabitlərimiz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışlar.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, ətraf mühitin qorunması üzrə beynəlxalq ekspert Çingiz Məmmədov, qazi, veteran, və şəhidlərin ailə üzvləri, 26 İyun – Silahlı Qüvvələri Gününün əhəmiyyətindən danışmışlar. İkinci Qarabağ müharibəsi qəhrəman oğul və qızlarımızın nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

Sonda, Nümayəndəlik tərəfindən şəhidlərin ailə üzvləri, qazi və veteranlara, ümumilikdə 97 nəfərə, maddi yardım, həmçinin müxtəlif hədiyyələr təqdim olunmuşdur.