Suraxanı rayonunda “20 Sentyabr - Suverenlik Günü” münasibətilə tədbir keçirilib
Suraxanı rayonunda “20 Sentyabr - Suverenlik Günü” münasibətilə Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində tədbir keçirilib. Tədbirin əsas məqsədi Suverenlik Gününün mahiyyətinin gənc nəslə çatdırılması, milli dövlətçilik və suverenlik dəyərlərinin təbliğidir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru, YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının (ƏPT) sədr müavini Elvina Əhmədova, Əmircan bələdiyyəsinin sədr müavini, YAP Suraxanı rayon təşkilatının ƏPT sədri Cəmilə Ağayeva, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Mərasim şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın dövlət suverenliyinin bərpasını və tarixi Zəfərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Əmircan bələdiyyəsinin sədr müavini Cəmilə Ağayeva suverenliyin əldə olunmasının əhəmiyyətini qeyd edərək bildirib ki, müdrik xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixdə silinməz izlər qoyub.
Daha sonra YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək Azərbaycanın dövlət suverenliyinin bərpasının tarixi və siyasi əhəmiyyətinə toxunub, konstitusion quruluşun və dövlətçilik prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dövlət suverenliyi milli dövlətçiliyin əsas dayaqlarından biri olmaqla, ölkənin ərazi bütövlüyü, konstitusion quruluşu və müstəqil qərarvermə hüququ ilə sıx bağlıdır.
Tədbir məktəbin müəllim və şagirdlərinin hazırladığı maraqlı konsert proqramı ilə davam edib. Sonda yaradıcı heyətlə xatirə şəkli çəkdirilib.