Suraxanı rayonunda “15 – iyun xaosdan sabitliyə, güclü dövlətə və tərəqqiyə” adlı tədbir keçirilmişdir
13 iyun 2022-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “15 iyun - Milli Qurtuluş günü”nə həsr olunmuş “15 iyun - xaosdan sabitliyə, güclü dövlətə və tərəqqiyə” adlı tədbir keçirilmişdir. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsinə rayon ictimaiyyətinin nümayəndələri tərəfindən tər güllər qoyulmuş, mərkəzin foyesində Vətən Müharibəsində qazanılmış qələbəyə həsr olunmuş sərgiyə baxış keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır. Daha sonra “15 iyun - Milli Qurtuluş günü”nə həsr olunmuş video-çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən Firəngiz Məlikbəyli qonaqları salamlayaraq bildirdi ki, yurdumuzun başının üstünü qara buludların aldığı o çətin anlarda Azərbaycan xalqının, vətənimizin yeganə ümidi, qurtuluş çırağı Ümummilli Liderimiz Heydər Əliyev oldu. Xalqın ümid nəzərləri öz sevimli oğluna - o zaman Naxçıvana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevə yönəlmişdi.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon ictimaiyyətini bayram günü münasibəti ilə təbrik edərək bildirdi ki, 1993-cü ilin birinci yarısında Azərbaycan öz tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyətlər bir-birini əvəz edirdi. Həmin çətin anlarda Ümummilli Liderimiz Heydər Əliyev öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün o vaxtkı iqtidara yol göstərməyə çalışırdı. Bu məsləhətlərə məhəl qoymayan, səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə gətirmiş dövlət rəhbərləri son anda kömək üçün Heydər Əliyevə müraciət etdilər. Eyni zamanda artıq ziyalılar və xalq Ümummilli Lider Heydər Əliyevin ölkəyə qayıdışını təkidli şəkildə tələb edirdilər. Nəhayət, 1993-cü il iyunun 9-da xalqın xilaskar oğlu Bakıya qayıtdı. Azərbaycan xalqı öz xilaskarını sevinclə qarşıladı.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək dedi ki, Milli Qurtuluşumuzun baş verdiyi ərəfədə mövcud hadisələr çox yaxın tarixdə baş verib və faktiki sübutlar mühafizə olunur. Geriyə çox da dönmədən bir əsas məqamı demək lazımdır ki, Ulu Öndər müasir müstəqil dövlət yaratmağa, onun quruculuq işlərini görməyə əslində 20 Yanvar hadisələrindən sonra başlamışdır. Əli qanlı bir imperiya ilə təkbaşına mübarizə aparan Heydər Əliyevə Bakıda sadə xalq kütlələri, ziyalılar dəstək versələr də hakimiyyətdə oturanlar ciddi şəkildə ona qarşı çıxırdılar. Çünki bilirdilər ki, onun gəlişi bir çox qaranlıq məqamı aydınladacaq və xalqın xilası gerçəkləşəcəkdir.
Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi və televiziya aparıcısı Güllü Yoloğlu da çıxış edərək Milli Qurtuluşumuzdan sonra mədəniyyətimizin inkişafına toxunaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin qayıdışı milli məfkurəmizi, milli özünüdərki yenidən xalqımıza qaytardı.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının zabiti, baş leytenant İdarə Kərimova da Milli Qurtuluşun əhəmiyyətinə toxunaraq dedi ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisin sessiyasında Ali Sovetin sədri seçiləndən sonra çıxış edərək, Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişafın sarsılmaz təməlləri qoyuldu. Böyük risklərə baxmayaraq Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü.
Şəhid atası Əlixan Əliyev də çıxış edərək dedi ki, bu gün tariximizin 15 iyun - milli qurtuluş səhifəsi çox qürurvericidir. Müasir və müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələrə doğru inamla addımlayır. Azərbaycan xalqı həm də xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu bu gün 44 günlük Vətən müharibəsində Böyük Zəfər qələbəsini qazanan, xalqın Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Daha sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə fəaliyyətində seçilən bir qrup rəsmi şəxs Fərxri Fərman və Təşəkkürnamə ilə təltif olunmuşlar. Suraxanı rayon məktəblilərinin və mədəniyyət xadimlərinin ifasında bədii hissə tamaşaçılara təqdim olunmuşdur.