Suraxanı rayonu 208 nömrəli tam orta məktəbdə köhnə məzunlarla görüş keçirilmişdir
27 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri Şəhid Nəriman Həmidov adına Suraxanı rayonu 208 nömrəli tam orta məktəbdə əvvəlki illərin məzunları ilə birgə “uşaqlıq illərim” adlı tədbirdə iştirak etmişlər. Öncə məktəbin həyətində “məzun bağında” məzunlar ağac əkmişlər. Daha sonra məktəbin akt zalında xatirə gecəsi təşkil olunmuşdur. Tədbir Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlamışdır.
Şəhid Nəriman Həmidov adına Suraxanı rayonu 208 nömrəli tam orta məktəbin direktoru Məlahət Əsədova qonaqları salamlayaraq uzun illər öncə məktəbi bitirən məzunların bir qisminin görüşdə iştirak etdiyini vurğulayaraq bildirmişdir ki, 208 nömrəli məktəbin böyük tarixi vardır. Birinci və İkinci Qarabağ Müharibəsində məktəbin iki məzunu qəhrəmancasına şəhid olmuşdur. Məktəbin müxtəlif dövrlərdə olan inkişaf mərhələsinə nəzər salan Məlahət Əsədova öz məzunları ilə fəxr etdiklərini bildirmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək məktəb kollektivinə belə gözəl tədbirn təşkil etdikləri üçün öz minnətdarlığını bildirmişdir. Öz uşaqlıq və məktəb illərini xatırlayan yerli təşkilatın sədri müəllimlərin əməyini yüksək qiymətləndirmişdir. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, Prezident cənab İlham Əliyev tərəfindən məktəb binasının yenidən tikilib, istifadə verilməsi ali rəhbərliyin təhsilə göstərdiyi diqqətdir. YAP rəsmisi xüsusi qeyd etmişdir ki, gənclərin vətənpərvər ruhda tərbiyəsi əldə olunan möhtəşəm zəfərin təməl daşıdır. O bu işdə məktəblərin rolunun və müəllimlərin əziyyətinin ali diqqətə layiq olduğunu vurğuladı. Sonda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov məktəbin xatirə kitabına öz ürək sözlərini yazaraq, kitabı imzalamışdır.
Çıxış edən məzunlar məktəblə bağlı xoş xatirələrini bölüşərək, müəllimlərin əməyini yüksək qiymətləndirmişlər.