Sülh yalnız siyasi deyil, real iqtisadi dividentlər yaradır  

Sülh yalnız siyasi deyil, real iqtisadi dividentlər yaradır   

Ruhanə Məmmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin müəllimi

2026-cı il 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında etdiyi çıxış ölkəmizin son illərdə formalaşdırdığı çoxşaxəli geosiyasi kursun, sülh gündəliyinin və Avropa institutları ilə münasibətlərdə yaranan yeni mərhələnin sistemli ifadəsi kimi diqqət çəkdi. 

Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın son dövrlərdə Azərbaycana səfərini xatırladaraq, Bakı ilə Brüssel arasında dialoqun institusional müstəvidə davamlı xarakter aldığını vurğuladı. Eyni zamanda Ermənistan tərəfinin 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsinə prinsipial dəstək ifadə etməsi qeyd olundu ki, bu da regionda uzun müddət gərginlik fonunda formalaşmış siyasi dinamikanın yumşalmağa doğru istiqamətlənməsinin göstəricisi kimi qiymətləndirilə bilər. Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə aparılan müzakirələrin bu qərarın formalaşmasında rol oynaması isə Avropa institutları ilə qarşılıqlı etimadın yeni mərhələyə keçdiyini göstərir.

Prezident məzmunlu çıxışında postmünaqişə dövründə Cənubi Qafqazda baş verən transformasiyanı, regional əməkdaşlıq mexanizmlərinin yenidən formalaşmasını və sülhün praktiki iqtisadi nəticələrini ön plana çıxardı. Çıxışın ən mühüm istiqamətlərindən biri sülhün iqtisadi ölçüsünün praktik nəticələri oldu. Uzun illər davam etmiş tranzit məhdudiyyətlərinin aradan qaldırılması və bunun nəticəsində Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük daşınması regional iqtisadi əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi təqdim olundu. Eyni zamanda Azərbaycanın Ermənistana ilk dəfə olaraq benzin və dizel daxil olmaqla 12 min ton neft məhsulu ixrac etməsi qarşılıqlı iqtisadi əlaqələrin formalaşmaqda olduğunu göstərir. Bu addımlar sülhün yalnız siyasi deyil, real iqtisadi dividentlər yaratdığını nümayiş etdirir.

Azərbaycanın öz növbəsində Ermənistanın 2026-cı ildə keçirilən Zirvə görüşünə dəstək verməsi və qarşılıqlı olaraq 2028-ci il üçün Bakının namizədliyinin qəbul edilməsi diplomatik qarşılıqlılıq prinsipinin real siyasətdə tətbiqi kimi çıxış edir. Bu, həm də regionda normallaşma prosesinin təkcə siyasi bəyanatlar deyil, institusional razılaşmalar üzərindən irəlilədiyini göstərən mühüm amildir.

Əsas mühüm məqam ondan ibarətdir ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq imicinə müsbət təsir göstərəcək. Bu, həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq. Eyni zamanda, Azərbaycanın ev sahibliyi edəcəyi Zirvə görüşü regionda davamlı sülh və sabitliyin möhkəmlənməsinə də töhfə verə bilər.