SÜLH VƏ HƏMRƏYLİK NAMİNƏ: TÜRK DÜNYASININ VƏ İSLAM ALƏMİNİN QARŞISINDA DURAN VƏZİFƏLƏR

SÜLH VƏ HƏMRƏYLİK NAMİNƏ:  TÜRK DÜNYASININ VƏ İSLAM ALƏMİNİN QARŞISINDA DURAN VƏZİFƏLƏR
Mahru Rəcəbova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin direktoru

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan şairi, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi mühüm ictimai və mənəvi hadisə kimi diqqət çəkir. Bu tədbirlər Türk dünyasının və İslam aləminin nümayəndələrini bir araya gətirməklə yanaşı, sülh, həmrəylik, dini-mədəni dəyərlərin qorunması və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi üçün də mühüm platforma yaradıb. Prezident İlham Əliyev tədbirdə çıxışında bu iki toplantının eyni vaxtda Bakıda keçirilməsinin xüsusi məna daşıdığını vurğulayıb.

Dövlət başçısı Seyid Yəhya Bakuvinin Azərbaycan və İslam dünyasının mənəvi irsindəki roluna diqqət çəkərək bildirib ki, XV əsrdə yaşayıb-yaratmış böyük mütəfəkkirin irsi bu gün də öz əhəmiyyətini qoruyur. Prezident qeyd edib: “Seyid Yəhya Bakuvi onlardan biridir” və onun böyük iz qoyduğunu vurğulayıb. Bu baxımdan Bakıda belə bir beynəlxalq konfransın keçirilməsi Azərbaycanın zəngin elmi, ədəbi və mənəvi irsinin tanıdılması baxımından da əhəmiyyətlidir.

Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu məkanlardan biri olub. Bu xüsusiyyət ölkənin müasir dövrdə də tolerantlıq və dinlərarası dialoq istiqamətində həyata keçirdiyi təşəbbüslərdə özünü göstərir. Tədbirdə müxtəlif ölkələrdən dini liderlərin, alimlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı Türk dünyası ilə yanaşı, Qafqaz və İslam coğrafiyasının müxtəlif hissələri arasında əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. Prezident İlham Əliyev bu müxtəlifliyi qeyd edərək tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan dini rəhbərlərin də iştirak etdiyini bildirib və bunu “birliyin nümunəsi” kimi xarakterizə edib.

Azərbaycanın müasir tarixində mühüm mərhələlərdən biri ərazi bütövlüyünün və suverenliyin bərpası ilə bağlıdır. Prezident çıxışında Azərbaycan xalqının birlik nümayiş etdirərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, xalqın birliyi ölkənin qarşıya qoyduğu məqsədlərə çatmasında mühüm rol oynayıb. Bu gün isə qarşıda duran əsas məsələlərdən biri əldə edilmiş nəticələri davamlı sülh və regional əməkdaşlıq imkanlarına çevirməkdir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri də yeni mərhələnin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı qeyd edib ki, “Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb.” Bu ifadə həmin ərazilərdə yaşayışın bərpası, insanların doğma yurdlarına qayıtması və yeni infrastrukturun yaradılması prosesinin mahiyyətini əks etdirir.

Bərpa prosesində dini-mədəni irsin qorunması məsələsi də xüsusi yer tutur. Prezident İlham Əliyev bildirib: “Biz birinci bərpa işlərini məsciddən başladıq və bu gün bu proses davam etdirilir.” Bu yanaşma məscidlərin yalnız ibadət məkanı deyil, həm də xalqın tarixi və mədəni yaddaşının mühüm hissəsi kimi qiymətləndirildiyini göstərir.

Müasir dünyada dini dözümsüzlük və islamofobiya kimi problemlərin mövcudluğu da ciddi narahatlıq doğuran məsələlərdəndir. Prezident çıxışında bu mövzuya toxunaraq bildirib: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir.” Bu fikrin fonunda dini liderlərin və beynəlxalq təşkilatların əsas vəzifələrindən biri müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanlar arasında qarşılıqlı hörmət və dialoqun gücləndirilməsidir.

Paylaş