Sülhə yavaş-yavaş yaxınlaşırıq
Rəna Abutalıbova
Suraxanı rayon 23 saylı baxçanın müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
II Qarabağ müharibəsindən sonrakı dövrdə regionda ziddiyyətlərin mövcudluğuna baxmayaraq demək olar ki, 44 günlük müharibə Qafqaz regionunda geosiyasi vəziyyəti kökündən dəyişərək yaxın gələcəkdə təhlükəsizlik şəraitində əməkdaşlıq və tərəfdaşlıq mühitinin əsasını qoymuşdur.
Hesab edirəm ki, post-müharibə dövründə region ölkələri, xüsusilə də Azərbaycan və Ermənistan arasında danışıqların aparılmasını, son dövrlərdə bu danışıqların daha da intensivləşməsi, keçirilən görüşlərdə bəzi razılıqların əldə edilməsini müsbət qiymətləndirmək olar. Ermənistan cəmiyyətində və hakimiyyətində hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkə bilməyən, revanşist düşüncəli insanların və siyasətçilərin mövcudluğu regionda sülh və əməkdaşlıq fəaliyyətinə mane olan ən böyük amil kimi göstərilməlidir. Bu kimi mənfi amillərin təsiri aradan qaldırılması Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanmasına və Qafqazda regionunda bu nəticələrdən irəli gələn sabit sülh və təhlükəsizlik mühitinin formalaşması istiqamətində böyük bir addım atılmış olar.
Avropa İttifaqı 2021-ci ilin sonlarından etibarən iki ölkəyə də vasitəçilik təklif edərək Azərbaycan və Ermənistan dövlət başçılarının Brüsseldə görüşünü təşkil etmiş və bu görüşdə regionda kommunikasiyaların açılması istiqamətində əməli addımların atılması barədə razılığa gəlinmişdir. Belə ki, 2021-ci ilin dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü zamanı tərəflər iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətdə danışıqları gücləndirəcəklərini bəyan etmiş, regionda bütün kommunikasiya və nəqliyyat marşrutlarının açılışı barədə geniş müzakirələr aparmışdır.
Düşünürəm ki, təşkil edilən hər görüş dövlətimin zəfərinə zəfər qatır. Çünki Azərbaycan bütün diplomatiya masalarında praqmatik zəkaya malik dövlət başçımız sayəsində lokomativlik etməyi bacarır. Aİ-nin Azərbaycan və Ermənistan arasında vasitəçilik fəaliyyəti son aylar ərzində davam etdirilmiş, 30 mart 2022-ci il tarixində Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələri Aİ-nin vasitəçiliyi ilə görüşmüş, 6 aprel 2022-ci il tarixində isə yenidən AR Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü təşkil edilmişdir.
Görüşdən sonra verilən açıqlamalara əsasən qeyd etmək yerinə düşərdi ki, danışıqlar kontruktiv məcrada aparılmış, 2021-ci ilin dekabrında Brüsseldə keçirilmiş son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti İ.Makronun iştirakı etdiyi videokonfransla təşkil edilmiş görüşdən sonrakı hadisələr və hər bir tərəfin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətindəki irəliləyişlər nəzərdən keçirilmiş, 10 noyabr üçtərəfli Bəyanatın bütün müddəalarının tam şəkildə yerinə yetirilməsinin zəruriliyi vurğulanmışdır. Görüşün vacib nəticələrindən biri kimi Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın irəli sürdüyü, regionda təhlükəsizlik, stabillik və inkişafın bərqərar olmasında zəruri olan beş maddəlik təklifini qəbul etməsi olmuşdur. Azərbaycanın irəli sürdüyü təklifin qəbul edilməsi dövlətin əldə etdiyi mühüm diplomatik qələbədir.
Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər və bununla da Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan etməsi nəinki, Ermənistanın, eyni zamanda Avropa dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanıması deməkdir.
Fikirlərimi cənab Prezidentin son dövrün reallıqlarından doğan bir fikri ilə yekunlaşdırmaq istəyirəm. “Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki, bildiyiniz kimi Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq”. Dövlət başçısının bu sözləri hər bir azərbaycanlı kimi məni də gələcəyə daha inamla baxmağa sövq edir, qürurlandırır.