Sosial Media Platforması: Müasir Dövrdə Rolu, Səmərəli Fəaliyyət və Gələcək Perspektivlər” adlı tədbir keçirilmişdir

Sosial Media Platforması: Müasir Dövrdə Rolu, Səmərəli Fəaliyyət və Gələcək Perspektivlər” adlı tədbir keçirilmişdir

15 dekabr 2025-ci il tarixində Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təqdimatında sosial şəbəkələr üzrə “Suraxanı Sosial Media” qrupunun 5 illik fəaliyyətinə həsr olunmuş “Sosial Media Platforması: Müasir Dövrdə Rolu, Səmərəli Fəaliyyət və Gələcək Perspektivlər” adlı tədbir keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Yeni Azərbaycan Partiyasının sosial media üzrə nümayəndələri Rəsul Səlimzadə və Rəna Süleymanlı, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatlarının sədrləri, eləcə də sosial şəbəkə fəalları iştirak etmişlər.

Müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və suveren, müstəqil dövlətçiliyimiz uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Daha sonra YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələr üzrə “Sosial Media” qrupunun 5 illik fəaliyyətinə həsr olunmuş “Sosial Media Arenasında Qələbə Siyasəti” adlı qısametrajlı sənədli film nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq bildirmişdir ki, YAP Suraxanı rayon təşkilatı YAP Mərkəzi Aparatının tapşırıq və təlimatlarına uyğun olaraq fəaliyyətini bütün sahələrdə olduğu kimi sosial media istiqamətində də sistemli şəkildə qurur. O vurğulamışdır ki, mətbuata açıq, ictimai rəyə hörmətlə yanaşan yerli təşkilat sosial şəbəkələrdə ideoloji və siyasi işin təşkilinə xüsusi önəm verir. Qeyd olunmuşdur ki, artıq uzun illərdir bu sahəyə ciddi diqqət ayrılır və rayon üzrə bütün ərazi partiya təşkilatlarında sosial media şəbəkəsi formalaşdırılmışdır. YAP Suraxanı rayon təşkilatında sosial şəbəkələrdə siyasi işin təşkili hər zaman yüksək səviyyədə həyata keçirilmişdir.

Yeni Azərbaycan Partiyasının sosial media üzrə məsul nümayəndəsi Rəsul Səlimzadə çıxış edərək qeyd etmişdir ki, sosial media kanalları vasitəsilə həm daxili, həm də xarici informasiya mühitində YAP öz fəaliyyətini peşəkar şəkildə qurmuş, ölkəmizin ictimai-siyasi və ideoloji müdafiəsinə mühüm töhfələr vermişdir. O, xüsusilə YAP-ın VII Qurultayından sonra partiyada aparılan islahatlar fonunda sosial media sahəsinə diqqətin daha da artırıldığını və bu istiqamətdə işlərin sistemli şəkildə inkişaf etdirildiyini vurğulamışdır.

Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin hərbi rəhbəri, ehtiyatda olan polkovnik-leytenant, “Suraxanı Sosial Media” qrupunun fəal üzvü Vaqif Qurbanov çıxışında bildirmişdir ki, sosial media fəallığı ictimai birliyin və sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, bu fəaliyyət insanları maarifləndirir, sosial problemlərə diqqət çəkir və müsbət dəyişikliklərə zəmin yaradır. O qeyd etmişdir ki, sürətlə dəyişən informasiya mühitində sosial media fəalları üçün sağlam kommunikasiya qurmaq bacarığı xüsusi əhəmiyyət kəsb edir.

Tədbirin sonunda YAP Suraxanı rayon təşkilatının sosial şəbəkələrdə fəallığı ilə fərqlənən bir qrup üzvü təşəkkürnamələr və xatirə hədiyyələri ilə təltif olunmuşdur.