Slovakiya-Azərbaycan münasibətləri: Sabit siyasət, güclü tərəfdaşlıq

Slovakiya-Azərbaycan münasibətləri: Sabit siyasət, güclü tərəfdaşlıq

Gülşən Yusubova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi

8 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan bu gün regionda və beynəlxalq müstəvidə etibarlı tərəfdaş, sözünə və mövqeyinə sadiq dövlətdir. Prezidentin çıxışını dinləyərkən aydın hiss olunur ki, bu səfər sadəcə diplomatik təmas deyil, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan uzunmüddətli əməkdaşlığın növbəti mərhələsidir.

Dövlət başçısı Slovakiya ilə münasibətləri dostluq və strateji tərəfdaşlıq səviyyəsində dəyərləndirərək, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdiyini vurğuladı.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sahəsində artan imkanlarına xüsusi diqqət çəkdi və ölkəmizin bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd etdi. Azərbaycanın zəngin qaz ehtiyatları və etibarlı tərəfdaş imici bir çox ölkələrin enerji təchizatında mühüm amilə çevrilib. Bununla yanaşı, Slovakiya ilə müdafiə sənayesi, nəqliyyat və bağlantılar sahəsində əməkdaşlıq perspektivlərinin geniş olması, bu istiqamətlərdə əlavə investisiyaların region üçün yeni imkanlar yaradacağı xüsusi vurğulandı.

Bu siyasi və iqtisadi uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən dövlətçilik strategiyası dayanır. Məhz həmin möhkəm təməl üzərində Prezident İlham Əliyev müasir çağırışlara uyğun, prinsipial və qətiyyətli xarici siyasət xəttini uğurla davam etdirir.

Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar, sosial və mədəni sahələrdə həyata keçirdiyi təşəbbüslər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, ölkəmizin sülhə, əməkdaşlığa və insani dəyərlərə verdiyi önəmin daha aydın şəkildə təqdim olunmasına mühüm töhfə verir.        

Bu səfər və səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan güclü liderlik, davamlı siyasi xətt və aydın strateji baxış sayəsində beynəlxalq münasibətlər sistemində mövqeyini getdikcə daha da möhkəmləndirir.