Sosial dövlət olan Azərbaycan hər zaman əhalinin həssas qruplarına, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ilə seçilir
İxtiyar Nəcəfov
Qaraçuxur Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlət siyasətində prioritet olub. Birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır.
Həyata keçirilən səmərəli tədbirlərdən biri də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə "Məşğulluq marafonu"na start verilməsidir.
Şəhid ailəsi üzvləri və qazilərin sağlamlığı da diqqətdən kənarda qalmayıb. Vətən müharibəsindən dərhal sonra onlara sosial-psixoloji dəstək tədbirlərinə start verilib, şəhid ailələri, qazilər, ümumiyyətlə, müharibədən zərərçəkənlərlə psixoloji iş aparılıb.
Qazi və şəhid ailələrinə qayğı baxımından Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixdə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında" Fərmanı ilə "YAŞAT" Fondunun təsis edilməsi isə müstəsna əhəmiyyətə malikdir. Fond vasitəsi ilə qazilərimizə və şəhid ailələrinə mütəmadi dəstək göstərilir.
Sosial dövlət olan Azərbaycan hər zaman əhalinin həssas qruplarına, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ilə seçilir. Bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması üçün mütəmadi proqramlar icra olunur və bu istiqamətdə gerçəkləşdirilən bütün məsələlər dövlət başçısı tərəfindən xüsusi diqqətdə saxlanılır. Prezident İlham Əliyev çıxışlarında hər zaman bu insanların problemlərinin həllinə diqqət yetirilməsinin vacibliyini vurğulayır.
İyulun 25-də Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbul etdiyi zaman da bu məsələyə diqqət çəkdi və bildirdi ki, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri dövlət xətti ilə həll olunur.
Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı, onların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi həmin vətəndaşlarımızın daim diqqətdə saxlanıldığının bariz göstəricisidir.
Şəhidlərimizin ruhunu əziz, qazilərimizin qəhrəmanlığını uca tutan Azərbaycan dövləti hər zaman bu kateqoriyadan olan insanlara qayğı və həssaslıqla yanaşır, onların sosial rifahlarının yüksək olması istiqamətində mühüm işləri reallaşdırır.