Soçi görüşündə Prezidentin əsaslı, sübutlu, haqlı bəyanatları nəticəsində bütün mənfur planlar alt-üst oldu
Yeganə Məlikova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri müavini
Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin direktor müavini
31 oktyabr 2022-ci ildə Rusiyanın Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin, Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutdu. Bütün diqqətləri özündə toplayan bu görüş əvvəlcədən qurulmuş, düşünülmüş ssenari üzrə deyil, bir qədər fərqli istiqamətdə irəlilədi. Bu istiqamət isə kimdənsə çəkinməyin, geri addım atmağın yox, əksinə, haqqın, gerçəkliyin, ədalətin işıqlandırdığı bir istiqamət idi.
Belə ki, hələ üçtərəfli görüş baş tutmazdan əvvəl Prezident İlham Əliyevlə Rusiya prezidenti Putinin arasında təkbətək görüş keçirilib. Görüş zamanı öz qəti mövqeyini irəli sürən cənab Prezident bildirib ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlər onların təklif etdiyi 5 prinsip əsasında normallaşdırılmalıdır.
Bu rəsmi görüşə xüsusi ümid bəsləyən, planlar qurub ürəyində yeni arzulara qol-qanad verən Ermənistan prezidenti hər dəfə olduğu kimi, yenə də gözlənilməz və çıxılınmaz vəziyyətə düşməli olub.
Bəli, həmin Ermənistan hökümətindən söhbət gedir ki, hər il başqa-başqa absurd "arzuların başına fırlanır", məntiqsiz xülyalara düşür, heç bir tarixi əsaslara söykənməyən diasporaçılıqla məşğul olur. Ən böyük məqsədi isə fırlanan, inkişaf edən dünya ölkələri arasında özünə yer tapmaq, halına acıyacaq tərəfdaş toplamaq, "haqlı olduğuna" kimləri isə inandırmaqdır. Hər dəfə də xəyalları puç olur və boğulmamaq üçün ya "saman çöpündən", ya da böyük dövlətlərin ətəyindən yapışmalı olur.
Bu dəfə də boş durmamışdı. 31 oktyabr görüşündən 1 gün əvvəl Xankəndində etiraz aksiyasının keçirilməsi, Erməni və Rusiya bayraqlarının dalğalandırılması əvvəlcədən planlaşdırılmış hansısa məsələlərə, bəlkə də iştahlı tələblərə bir işarə idi? Yaxud Azərbaycan höküməti üçün artıq arxaikləşib tarixi bir ifadəyə çevrilmiş "Dağlıq Qarabağ münaqişəsi" ifadəsini Ermənistanın təkrarlamaqdan yorulmaması, daim gündəmdə saxlamaq istəməsi də hansısa şəxsi maraqlara söykənir
Lakin ən başında da qeyd etdiyimiz kimi, bu görüş heç bir tələbin, heç bir şəxsi marağın dominantlıq təşkil etməsinə şərait yaratmayan, Soçi görüşündə Prezidentin əsaslı, sübutlu, haqlı bəyanatları nəticəsində bütün mənfur planlar alt-üst oldu
Cənab İ. Əliyev Xankəndində oynanılan oyunlara məhəl qoyulmadığını, rəsmi Bakı üçün Qarabağ münaqişəsi adlı problemin olmadığını, diqqətin Ermənistan-Azərbaycan münasibətlərinə yönəldilməli olduğunu bəyan etmiş oldu. Həmçinin bir daha təkrarladı ki "Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhali bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salmağı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu döyüş meydanında sübut etdi. Hətta işğal illərində dünyanın heç bir ölkəsi bu rejimi, o cümlədən Ermənistanı tanımayıb. Ona görə də biz heç vaxt beynəlxalq strukturlarla, ölçüsündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə daxili işlərimizlə bağlı məsələləri müzakirə etmirik".
Əlbəttə ki, bu qətiyyətli ifadələr istər 31 oktaybr görüşün digər iki iştirakçı dövlətinə, istərsə də bütün beynəlxalq aləmə göndərilmiş bir mesajdır.