Pərvin Mahmudov
Yenı Azərbaycan Partiyasının təəssübkeşi
Vətən müharibəsi iştirakçısı, deputat köməkçisi
Prezident İlham Əliyevi qalib lider kimi görmək hər birimiz üçün qürurvericidir
Məlum olduğu kimi, Azərbaycanın Rəşadətli Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixini əhatət edən 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandı. Artıq iki ildir ki, Qarabağ münaqişəsi tarixin yaddaşına həkk olunub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək dədə-baba torpaqlarının 30 illik işğal tarixinə son qoyub. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına 44 günlük Vətən müharibəsində döyüş meydanında əldə edilmiş tarixi zəfər diplomatik müstəvidə də uğurla davam etməkdə və qorunub saxlanmaqdadır. Azərbaycanı dünyaya qalib ölkə kimi tanıdan cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi bütün görüşlərdən qələbə ilə ayrılıb. Bu baxımdan oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən üçtərəfli görüş xüsusilə fərqləndi. Bu görüş xüsusi məqamlarla yadda qaldı.
Regionda qalıcı sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan İlham Əliyevin rəhbərliyi altında düşmən ölkənin liderinə öldürücü zərbə endirdi. Soçi görüşü Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması məsələlərinin müzakirəsi baxımından olduqca səciyyəvi idi. Görüşdən sonra qəbul edilən bəyanat Azərbaycanın bu məsələdə əsas söz sahibi olduğunu bir daha sübuta yetirmiş oldu. Bəyanatda bildirilir ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğunu tərəflər təsdiq edir. Həmçinin humanitar məsələlər bloku da daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərmək razılaşdırılıb. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsini qeyd edərək, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərinin aktuallığı vurğulanıb.
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi vurğulanıb. Mövcud inkişaflar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Putinlə görüşdə İlham Əliyev açıq şəkildə bildirdi ki, Qarabağ münaqişəsi başa çatıb, artıq tarixdir, ona görə də Qarabağla bağlı müzakirə ediləcək heç nə yoxdur, ancaq və ancaq Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması müzakirə edilə bilər və bu məsələdə Rusiyanın dəstəyinə ehtiyac duyulur. Ona görə də Soçidəki yekun bəyanatda Qarabağla bağlı bir kəlmə də yoxdur. Bu isə o deməkdir ki, diplomatik müstəvidə də söz sahibi Azərbaycandır və bizim mövqeyimiz əsas götürülür.
Soçi görüşündə Rusiya lideri Putinin mövqeyi isə birgə bəyanatın şərtlərinə mütləq əməl olunması idi. Yadınızdadırsa, vaxtilə Rusiya prezidenti Vladimir Putin demişdi ki, birgə bəyanatın şərtlərinə əməl etməmək intihara bərabərdir. Əməl etməyən tərəf isə Ermənistandır. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə Bəyanatın 9-cu bəndində qeyd olunur ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə qurulmalı, Ermənistan isə sərnişinlərin və yüklərin sərbəst hərəkəti üçün şərait yaratmalıdır. Ermənistan sənədə imza ataraq bu öhdəliyi üzərinə götürüb, amma bu gün Paşinyan mövqeyində kəskin transformasiyalara yol verməkdədir. O, görüş öncəsi yenə bildirdi ki, heç bir sənəddə Zəngəzur dəhlizinin açılması məsələsi öz ifadəsini tapmayıb. Bu isə Ermənistan tərəfinin sülh prosesini gecikdirməyə hesablanmış addımıdır. Soçi görüşü eyni zamanda, Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi. Bu görüş Ermənistanın şovinist siyasətinin iflası kimi qiymətləndirilməlidir.
Soçi görüşü, həm Ermənistan tərəfinin, həm də erməni ruporlarından qidalanan radikal müxalifətin iddialarını da alt-üst etdi, onların, sadəcə, boşboğazlıqla məşğul olduqlarını sübut etdi. Soçi görüşünün fonunda demək olar ki, Azərbaycan növbəti dəfə regionda dayanıqlı sülh yaranması üçün danışıqlara hazır olduğunu nümayiş etdirdi, dünya, beynəlxalq ictimaiyyət gərginlik və hərbi qarşıdurmada məhz Ermənistanın maraqlı olduğunu təsdiqlədi.
Soçi görüşü zamanı çəkilən iki fotoşəkil isə xüsusi olaraq marağa səbəb oldu. Erməni baş nazir Nikol Paşinyan Putinin qara çətiri altında poz verdi. Cənab Prezident İlham Əliyev isə göy rəngli şəxsi çətiri altında qürurla şəkil çəkdirməklə düşmənin başını növbəti dəfə “Dəmir yumruq”la əzmiş oldu. Ermənistan tarix boyu kimlərinsə çətiri altında olub. Azərbaycan isə hər zaman başı dik və öz çətiri altında parlayan dövlətdir. Soçi görüşü zamanı Azərbaycan nümayəndə heyətinin üzündəki təbəssüm fonunda erməni tərəfinin başıaşağı olması əslində çox mətləblərdən xəbər verirdi.
Sonda vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin yürütdüyü mükəmməl daxili və xarici siyasət kursu Azərbaycanın bütün müstəvilərdə uğurunun qarantıdır. Beynəlxalq tribunalarda Azərbaycanı qələbədən-qələbəyə aparan Prezident İlham Əliyevi qalib ölkənin qalib lideri kimi görmək hər birimiz üçün qürurvericidir.