Siyasi partiyanın seçkilərdə iştirakı onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir
Samirə Abdullayeva
Göyərçin körpələ evi və uşaq bağçasının müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Ölkəmizin bütün sahələri əhatə edən islahatlar uğurla həyata keçirilir. Yaşadığımız dövrü tariximizin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar mərhələsi adlandırmaq olardı. Artıq bir neçə ildir həyata keçirilən islahatlar keyfiyyətcə yeni mərhələyə çatıb və idarəetmə sahələrini əhatə edir.
Ele siyasi partiyalar var ki, yeni bir seçki şansından bəhrələnmək əvəzinə yenə də onun boykot edilməsi məsələsdən danışırlar. Aydındır ki, radikal müxalifətin seçki formasından istifadə etmək niyyəti yoxdur. Siyasi partiyanın seçkilərdə iştirakı onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir. Bundan başqa hər hansı amil siyasi partiyanın mövcudluğuna haqq qazandıra bilməz. Digər yandan, Azərbaycanda bütün seçkilər, həmçinin parlament seçkiləri mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir.
Boykot qərarı alan partiya tərəfindən xüsusi şərtlərin söylənməsi, onun niyyətindən xəbər verir. Ölkədə keçirilən seçkilərdə iştirak etməyən, iştirak etmək üçün xüsusi şərtlər irəli sürən təşkilat, təbii ki, seçkidən daha çox radikallaşmaq və qarşıdurmaya səbəb olmaq barədə düşünür. Onların həm niyyəti, həm də davranışları bəzi anti-Azərbaycan qüvvələrin istək və arzuları ilə üst-üstə düşür.
Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar yığıncaqda vurğuladığı kimi, yalnız Azərbaycan xalqı, onun dövləti xalqımızın milli maraqlarına uyğun fəaliyyət göstərir və göstərə bilər. Anti-Azərbaycan qüvvələri isə öz maraqları çərçivəsində Azərbaycana problemlər yaratmaq, imkan düşdükdə zərbə vurmaq məqsədi güdür. Ona görə də Azərbaycanda islahatların keçirilməsi, iqtisadiyyatın artması, dövlətin güclənməsi həmin qüvvələri təşvişdə buraxır. Bəzi siyasi partiyalar genişmiqyaslı islahatlar konsepsiyasına qarşı çıxır, ona qara yaxmağa çalışırlar.
Yeni Azərbaycan Partiyasının xoş niyyətindən irəli gələn və islahatların daha da sürətlənməsinə xidmət edən təşəbbüsünə radikal müxalifətin əks çıxması da məhz bu qəbildəndir. Anti-Azərbaycan qüvvələrin narahatçılığı onlara da təsir edib.
Seçicilər tərəfindən dəstəklənmədiyini anlayan radikal partiyalar fəaliyyətlərini yalnız yalan, böhtan təbliğatı üzərində qurur, qarşıdurma yaratmağa səy göstərir. Onların içində təlaş var. Səbəbi odur ki, islahatlar genişlənib dərinləşdikcə ölkə daha da inkişaf edir, dövlətin qüdrəti artır, xalqla iqtidarın birliyi güclənir. Radikal müxalifətin təxribatçı hərəkətlərinin sahəsi isə daralır. Bu da onu göstərir ki, radikalçılığa Azərbaycanda yer verilmir.