Silahlı Qüvvələrimizlə fəxr edirik
Maqsud Əhmədov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin direktoru
24 dekabr 2021-ci il tarixdə Hadrutda birinci komando hərbi hissəsinin istifadəyə verilməsindən 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin açılış mərasiminin təşkil olunması onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu qururculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonu səfəri çərçivəsində Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı böyük qürur hissi ilə qeyd etdi ki, bu gün Silahlı Qüvvələr gününü biz müzəffər xalq, qalib ölkə kimi qeyd edirik. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı Zəfəri ilə dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb. Qələbəmizi şərtləndirən amillər sırasında Azərbaycan gənclərinin vətənpərvərliyi, torpağa sevgisi əsas yer tutur. Ali Baş Komandan bir məqamı xüsusilə vurğuladı ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər.
Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin gücü hesabına mümkün olmuşdur. 44 günlük müharibədə qalib olmağımızla bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm döyüş qabiliyyəti, həm də vətənə olan sevgi və məhəbbət nöqteyi nəzərdən böyük xalqıq.
Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməz. Rəşadətli Azərbaycan Ordusu Ermənistanın “məğlubedilməz ordu” mifini darmadağın etdi və sübut olundu ki, sarsılmaz iradə, xalq-iqtidar birliyi, ordunun vətənpərvərliyi olan yerdə heç kim Azərbaycan Ordusunun qarşısında dayana bilməz.
Prezident İlham Əliyev Kəlbəcərdən bir daha bu ismarıcı ünvanladı ki, əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, “Dəmir yumruq” yerindədir.
Azərbaycan xalqı istəyir ki, postmünaqişə dövrünün reallıqları hamı tərəfindən qəbul edilsin. Dünyanın əksər gücləri artıq bu reallıqları qəbul edib və fəaliyyətlərini də bu reallıqlar əsasında qururlar. Ermənistan da bu rellığı qəbul etməlidir. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Qarabağ hər zaman - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də Azərbaycan torpağı olub və hər zaman olacaq.
“Qarabağ Azərbaycandır!”