Şanlı Zəfəri təmin edən Milli Qurtuluşumuz
Mirvari Quliyeva
YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü
Suraxanı Rayonu, Qaraçuxur Bələdiyyəsinin sədr müavini
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan, təəssüf ki, qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı bu torpaqlardan silmək niyyəti ilə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır.
Məhz belə bir ağır məqamda xalqın təkidli tələbi ilə idarəçiliyi üzərinə götürən Ulu Öndər Heydər Əliyevin müstəqillik dövründə dövlət quruculuğuna verdiyi ən böyük fundamental töhfələrdən biri də cəmiyyətin vahidliyinin və həmrəyliyinin təmin olunması üçün milli ideologiyanın - azərbaycançılığın sistem halında təqdimatı oldu. Bu addım xalqımızın Milli Qurtuluş fəlsəfəsinin əsasını qoydu. Beləliklə, Azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının ideologiyasına, milli birliyin təliminə və vahid dövlətçilik konsepsiyasına çevrildi.
Həmin sarsılmaz təməllər üzərində qurulan bu günün müasir Azərbaycanı qlobal miqyasda mühüm geosiyasi və geoiqtisadi proseslərin mərkəzində dayanan suveren bir gücdür. Ölkəmiz regional lider olmaqla bərabər, həm də Avropanın enerji təhlükəsizliyində xüsusi rola malik strateji tərəfdaşdır, irimiqyaslı qlobal infrastruktur layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Orta dəhlizin və regional kommunikasiya xətlərinin mərkəzi qovşağı məhz Azərbaycandır. Paralel olaraq, Bakı şəhəri beynəlxalq miqyaslı siyasi, iqtisadi və humanitar forumların keçirildiyi mötəbər bir məkana, qlobal dialoq platformasına çevrilib.
Şübhəsiz ki, bütün bu möhtəşəm uğurların əsası məhz 1993-cü ilin 9 iyununda başlanan, xalqımızı böyük bir fəlakətdən qurtaran və tariximizə Milli Qurtuluş günü kimi həkk olunan xilaskarlıq missiyası, daxili siyasi sabitlik, güclü dövlətçilik fəlsəfəsi və Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu uzaqgörən daxili və xarici siyasət strategiyası üzərində ucalıb.
Bu uzaqgörən strategiyanın məntiqi nəticəsi olaraq, güclənən Azərbaycan 44 günlük Vətən müharibəsində düşmənə unudulmaz dərs verdi və öz adını qalib dövlət kimi bəşəriyyət tarixinə qızıl hərflərlə yazdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu möhtəşəm Zəfərlə ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu, torpaqlarımızın işğaldan azad edilməsini tam şəkildə gerçəkləşdirdi və Azərbaycanın ərazi bütövlüyünü əbədi olaraq bərpa etdi.
Nəticədə, 1993-cü ilin iyununda başlayan Milli Qurtuluş missiyasının və Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik fəlsəfəsinin məntiqi davamı olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Vətən müharibəsi Zəfəri müqəddəs ata vəsiyyətini tam gerçəkləşdirdi, Azərbaycanın ərazi bütövlüyünü və əbədi suverenliyini bütün dünyaya nümayiş etdirdi.