Şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramla...
Aysel Manafova
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Bakı Mühəndislik Universitetinin məsul əməkdaşı
Müdrik xalqımıza — bizlərə, şəhid ailələrinə ötən altı il ərzində göstərdiyi sonsuz hörmət və ehtiram üçün qəlbən təşəkkür edirəm. Şəhidinin adını başı üzərində müqəddəs üçrəngli bayraq kimi daşıyan bir vətənpərvər kimi tam məsuliyyətimlə deyə bilərəm ki, biz dövlətimizin bütün imkanları ilə əhatə olunmuşuq. Biz bu gün güclüyük; çünki arxamızda şəhid ailələrinin ən yaxın dostu olan cənab İlham Əliyev dayanır. Biz güclüyük; çünki çox hörmətli Mehriban xanım Əliyevanın səmimi sevgisi və ana qayğısı ilə sarılmışıq.
Dünyada öz şəhidinə Azərbaycan qədər dərin ehtiram bəsləyən, onun xatirəsini müqəddəs bir and yerinə çevirən ikinci bir ölkə tapmaq yəqin ki, çətin olar. Cənab Prezidentin şəhid ailələrinə qarşı həyata keçirdiyi humanist siyasətin necə böyük bir əzmlə və incəliklə yerinə yetirildiyinin mən özüm əyani şahidiyəm. Bu nümunəvi addımlar və möhtərəm Prezidentə olan sadiq xidmət dövlətimizin ucalığını artırmaqla bərabər, həm də gələcək nəsillərin qəlbində yeni qəhrəmanlıq qığılcımları yandırır.
27 Sentyabr – Anım Günündə yenidən və ürəkdən ifadə etmək istərdim ki, hər hansı bir mühitdə insanların gözündə o səmimi hörməti, o doğma ehtiramı görəndə qəlbimizdəki o sağalmaz yara az da olsa səngiyir, ruhumuz yüngülləşir. Əgər altı il bundan əvvəl məni görsəydiniz, yəqin ki, bugünkü “mən” illə müqayisədə tanımazdınız... Ötən bu illər ərzində mən təkcə yaşca böyümədim, təkcə şəhidimin mənə ən müqəddəs əmanəti olan övladımızı boya-başa çatdırmadım. Mən qəlbimin ən dərin guşəsində, ruhumun hər zərrəsində həyat yoldaşım — lakin artıq hamımızın, bütöv bir xalqın şəhidi olan Osmanın əziz xatirəsini bəsləyib böyütdüm.
İnana bilməzsiniz, mən o xatirəni ruhumda elə ucaltmışam, elə yaşatmışam ki, bəzən özüm də Osmanın yoxluğuna inana bilmirəm. Elə bilirəm ki, o, hər an yanımdadır, nəfəsi mənə toxunur, kölgəsi bizi qoruyur... Bu sehirli, bu ülvi hissi, yəqin ki, bütün şəhid ailələri yaşayır. Çünki onlar qəlblərini bir xatirə məbədinə çeviriblər.
Məhz buna görə də, indi mənim bu həyatda ən müqəddəs borcum, qarşımda duran ən ali vəzifə — şəhidimin əziz xatirəsini zamana meydan oxuyan bir dastana çevirməkdir. Onun adını hər ürəyə yazdırmaq, onu hər kəsə tanıtmaq və bu bitməyən sevgiylə onu əbədiyaşar etmək mənim həm ömür-gün yoldaşı, həm də bir vətəndaş olaraq ən böyük andımdır. Şəhidlər təkcə dünənimizin qəhrəmanları deyil, gələcək nəsillərin yoluna işıq salacaq sönməz bir məşəldir.
Mən əminəm ki, bu torpağın gənclərinin arasından yenə də böyük qəhrəmanlar boy göstərəcək. Lakin bir ana, bir qadın olaraq xalqıma və onun pak övladlarına bir daha müharibə ağrısı, şəhidlik taleyi arzulamıram. Arzum budur ki, hər gənc öz sahənizdə ucalaraq, elmdə, sənətdə, əməkdə parlayaraq vətənimizin qəhrəmanı olsun. Bizə bəxş edilən bu şanlı Zəfəri göz bəbəyi kimi qoruyub saxlasın. Gənclərimiz müharibə günlərində olduğu kimi, bu gün də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşsin.
Allah bütün qazilərimizə şəfa, şəhidlərimizə rəhmət eləsin! Onları sonsuz bir sevgi ilə anır, müqəddəs ruhları qarşısında dərin hörmətlə baş əyirəm!