Şəhid övladları üçün 8 Noyabr – Zəfər Gününə həsr olunmuş xüsusi proqram təşkil olunub

Şəhid övladları üçün 8 Noyabr – Zəfər Gününə həsr olunmuş xüsusi proqram təşkil olunub

YAP Suraxanı rayon təşkilatı və “Birlik” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş, Suraxanı rayonundan olan şəhid övladlarını əhatə edən xüsusi proqram həyata keçirilib. Proqram çərçivəsində uşaqlar əvvəlcə Zəfər Muzeyi, daha sonra Hərbi Qənimətlər Parkı ilə tanış olublar. Günün davamında Mangal restoranında şəhid övladları üçün əyləncəli proqram təşkil edilib. Tədbirdə videoçarx nümayiş olunub, Gənc ifaçıların musiqi çıxışları, sehrbazın maraqlı nömrələri və animatorların əyləncəli proqramı uşaqlara xoş anlar yaşadıb.

Tədbirdə “Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri, Prezident təqaüdçüsü Cəlal Qurbanov “Birlik” İctimai Birliyinin sədri Cəlil Xudiyev, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə və təşkilatın gənc könüllüləri, şəhid ailə üzvləri iştirak ediblər. Çıxış edən Cəlal Qurbanov Zəfər tariximizin əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından və onların övladlarının cəmiyyətimiz üçün daşıdığı mənəvi dəyərdən bəhs edib. O, layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova təşəkkürünü bildirib.

Proqramın ən təsirli anlarından biri şəhid övladlarının birlikdə “Mənim atam qəhrəmandır” mahnısını xorla ifa etməsi olub.

Tədbirin sonunda şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Paylaş