Şəhid Elnur Şahbazovun adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş abidə kompleksinin açılış mərasimi keçirilmişdir
44 günlük Vətən müharibəsində canından keçərək Şəhidlik məqamına yüksəlmiş igid oğullarımızdan biri Şahbazov Elnur Qədir oğlunun bu gün 21 yaşı tamam olur. Bu münasibətlə avqustun 20-də Şəhidimizin doğum günündə adının əbədiləşdirilməsi məqsədilə Yeni Suraxanı qəsəbəsində inşa edilmiş abidə kompleksinin açılış mərasimi keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, RİHB-nin müavini Könül xanım Axundova və şöbə müdirləri, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və nümayəndələri, rayon ictimaiyyəti, Şəhid ailələri və Şəhidin doğmaları iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov bildirdi ki, Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz qələbə əvvəlki faciələrimizin ağrı-acılarını bizlərə ovutdurdu. Həmçinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü sayəsində düşmən tapdağından azad edilmiş torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi var. Elnur kimi mərdliklə vuruşan oğullarımızın bu gün qürurla danışdığımız, gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq olmur.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirdi ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Yerli təşkilatın sədr müavini xüsusi vurğulamışdır ki, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən şəhidlərimizin, qazilərimizin, veteranlarımız, əsgər və zabitlərimizin misilsiz şücaətləri, qəhrəmanlıqları gələcək nəsillər üçün örnəkdir.
Tədbirdə iştirak edən digər qonaqların çıxışından sonra Şəhid Elnur Şahbazovun təhsil aldığı 89 №-li tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunmuşdur. Sonra tədbir iştirakçıları Şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxumuş, eləcə də açılmış ehsan süfrəsində xatirəsini ehtiramla yad etmişlər.