Rəsmi İrəvan Azərbaycanla birbaşa təmasın vacibliyini anlayır
Ənvər Haqverdiyev
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi
Dünyada baş verən hadisələr artıq yeni münaqişə zonalarının aradan qaldırılması məsələsini Avropa üçün böyük zərurətə çevirir. Rusiyanın nəzarətində və yaxud da yumşaq desək, təsir dairəsində olan münaqişələrin bir anda müharibəyə çevriləbilmə ehtimalı Avropa İttifaqını, Avropa Şurası və qərbi ciddi narahat edən məqamlardandır. ABŞ indiki vəziyyətdə Ukrayna müharibəsinə fikirlərini cəmlədiyinə və ATƏT-in Minsk qrupunun həmsədri kimi uğursuz keçmişinə görə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına və tərəflər arasında münaqişənin aradan qalxmasına təsir edə bilmir. Lakin 6 aprel Brüssel görüşündən öncə Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və “Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ önəm verir” deməsi ABŞ-ın regionumuzda məsələnin həllində maraqlarını açıq ifadə edir. Qərb indiki məqamda bu məsələni Avropa İttifaqına və tamami ilə yeni bir sima olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə həvalə edir. İnsafən demək lazımdır ki, Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, bir çox məsələlərdə qərəzsiz və bitərəfdir. Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlmişdir. Rusiyaya qoyulmuş qadağalardan sonra enerji böhranı yaşamamaq üçün Avropa özünün enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da artmasında maraqlıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasları və Azərbaycanın diqtə etdiyi məqamları, yaranmış yeni reallıqları qəbul etməsi də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanmasına müsbət təsir edir.
Hadisələrin belə cərəyan etdiyi bir məqamda deyə bilmərik ki, Rusiya bu məsələdən tamami ilə kənarda qalmışdır. Yox, əsla, hətta dünyada və Avropada müharibə Rusiyanın məğlubiyyəti ilə bitsə belə, Rusiya Cənubi Qafqaz regionunda söz sahibidir. Brüssel görüşündən əvvəl martın 31-də Rusiya Prezidenti Vladimir Putinin həm İlham Əliyevlə, həm də Nikol Paşinyanla telefonla danışması hətta başı müharibəyə və embarqolara qarışmış Rusiyanın Qarabağda münaqişənin həllində və əlaqələrin qurulmasında nə qədər maraqlı olduğunu bir daha göstərir. Lakin Azərbaycanın bundan sonra da daha 30 il gözləməyə nə səbri, nə də həvəsi vardır. Fərrux dağı ətrafında baş verənlər bir daha sübut edir ki, Azərbaycan özü 10 noyabr bəyannaməsini hətta təkbaşına icra edəcəkdir və 4-cü maddəsini həyata keçirərək bir nəfər də terrorçu erməninin ərazidə qalmasına icazə verməyəcəkdir. Bəyannamədən sonra Fərrux dağı ətrafında baş verənlər Qarabağda ilk hərbi irəliləyişdir. Rusiya Federasiyası Müdafiə Nazirliyi və bölgədə olan sülhməramlılar başa düşdülər ki, özlərindən bəyanatlar verməklə və saxta xəritələr yaymaqla Azərbaycanı öz ali hədəflərindən ayıra bilməzlər. Azərbaycan dünyada baş verən hadisələri doğru dəyərləndirərək dəqiq və səlis qərarlar qəbul edir.
6 aprel Brüssel görüşü öncəsi Azərbaycanın təklif etdiyi beş maddələlik diqtəsini qəbul edən Ermənistan açıq kartla görüşə getdiyini desə də Ermənistan hakimiyyətinin ikili bəyanatları son nəticəni gözləməyi labüdləşdirirdi. Azərbaycanın irəli sürdüyü təkliflər arasında qarşılıqlı torpaq iddialarından vaz keçmə, qarşılıqlı şəkildə beynəlxalq sərhədlərin tanınması, qarşılıqlı şəkildə məsələlərin həllində hədə-qroxu və güc faktorundan tamamilə imtina, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin bərpası kimi böyük əhəmiyyətə malik məsələlər vardır. Təsadüfi deyil ki, 4 saat yarımdan artıq davam edən görüşdə sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Başqa cür ola da bilməzdi. Azərbaycan qalib dövlət olsa belə, bu təkliflərin hazırlanmasında beynəlxalq hüquq normalarına əməl etmişdir. Bu səbəbdən də 6 aprel görüşlərində əldə olunan razılığın əsasında məhz bu təkliflər dayanır.
Hər bir görüşün sonunda bəyan edilən yekun sənəd önəmlidir. Dekabr ayında Brüsseldə həyata keçirilmiş görüş zamanı da “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yox idi. Bu dəfə də eyni tendensiyanın davam etməsi onu göstərir ki, Avropa birmənalı olaraq Azərbaycan liderini və dövlətimizin yaratdığı yeni reallığı qəbul edir. Bir də ki, tarix təkcə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində deyil, bütün digər Avropa regionunda baş verən hadisələrin həllində ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilməsinin şahidi olub. İndi əsas qərar vasitəçilər olmadan birbaşa görüşlərin hər iki tərəf arasında keçirilməsinin təminatıdır. Rəsmi İrəvan qlobal təhlükəsizlik kataklizmaları fonunda Azərbaycanla birbaşa təmasın faydalarını anlamağa başlayıb. Bunun nəticəsi olaraq Ermənistanın Baş Naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Brüsseldə bununla bağlı tarixi qərar veriblər. Əslində Nikol Paşinyanın başqa bir yolu da yoxdur. İndiki məqamda nə Rusiyadan, nə də qərbdən istədiyi dəstəyi əldə edə bilmir. Üstəlik də bu mənasız münaqişədən bütün maraqlı tərəflər yorulublar.
6 aprel Brüssel görüşünün ən vacib nəticələri kimi digər məqamlarla yanaşı biz işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsini, itkin düşmüş şəxslərin tapılmasını, sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunmasını, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılmasını, dəmir yolu və avtomobil yolunun çəkilməsini göstərə bilərik. Rəsmi Bakı üçün vacib olan əsas məsələ Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və siyasi barışıq prosesinin başlamasıdır. Bundan sonra Azərbaycan öz sərhədləri daxilində yaşayan erməni vətəndaşları ilə münasibətlərini öz qanunları çərçivəsində müəyyənləşdirəcəkdir. Bütün hallarda heç kimdə, hətta rasional düşüncə tərzinə malik Qarabağda yaşayan ermənilərin özlərində də şübhə yoxdur ki, onlar Azərbaycan bayrağı altında daha xoşbəxt yaşayacaqlar.