Azərbaycan xalqı daim Prezident İlham Əliyevi dəstəkləyir
Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimindəki nitqində səsləndirdiyi hər bir çağırış, ifadə etdiyi fikirlər və verdiyi mesajlar ölkəmizin parlaq gələcəyini təmin edən tələblərini yüksək səviyyədə yerinə yetirilməsindən xəbər verir. 7 fevral tarixində keçirilmiş növbədənkənar prezident seçkilərində xalqımız həmrəylik nümayiş etdirərək dövlətimizin tərəqqisinin, cəmiyyətin rifahının və suverenliyimizin təminatçısı olan güclü liderə, Prezident İlham Əliyevə səs verdi.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə dövlətimiz güclənib, ordumuz və hərbi qüdrətimiz nümunəvi model yaradıb. Dövlətimizin suverenliyinin tam bərpa edilməsi, Qarabağda əsaslı dirçəlişin başlaması, yurd həsrəti çəkənlərin doğma torpaqlarına qayıtması artıq reallığa çevrilib. Dövlətimizin bu nailiyyətləri dövlət başçımızın qətiyyətli iradəsinin, mükəmməl idarəetmə strategiyasının və ən əsası Vətənə olan dərin məhəbbətinin ali səviyyədə təsdiqidir. Şanlı bayrağımızın hər qarış Azərbaycan torpağında dalğalanması hər bir azərbaycanlının qürur mənbəyidir.
Ümummilli lider Heydər Əliyevin varisi, layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin timsalında xalqımız öz firavan günlərini yaşayır. Dövlətimizin və xalqımızın maraqlarını həmişə üstün tutan, öz strategiyasını milli maraqlarımızın tam təmin olunması üzərində quran və bütün nəsillərə qayğı ilə yanaşan, böyük nüfuza malik olan İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə əsaslı inkişaf, xalqın rifah halının daim yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda misilsiz uğurlarla, dinamik iqtisadi inkişafla və sosial yüksəlişlə səciyyələnir.
Ulu Öndərimiz tərəfindən möhkəm təməllər üzərində qurulmuş müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə müstəqil dövlət quruculuğunun əsas amillərindən biri dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə mühüm uğurlara imza atır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sənədlər cəmiyyətin rifahının yeni yol xəritəsidir.
Dayanıqlı iqtisadi artıma nail olmaq və onu yüksək səviyyədə saxlamaq çox böyük fədakarlıq tələb edir. Dövlət başçımızın iqtisadi uğurlarımız barədə vurğuladığı fikirlər cəmiyyətin parlaq gələcəyinə nikbin baxmaq üçün möhkəm fundament yaradır: “Bu ilin yanvar ayının nəticələri ümidvericidir: “Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Bu, ümidverici göstəricidir və onu göstərir ki, biz indi yavaş-yavaş öz iqtisadi templərimizi bərpa edirik. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir.
Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır”.
Azərbaycan indi yeni inkişaf dövrünə qədəm qoyub. Bu dövr hər kəsin rifahına, tərəqqiyə və yüksəlişə xidmət edir. Hər birimiz dövlətimizin inkişafına xidmət etməklə, maraqlarını dəstəkləməklə və layiqincə təmsil etməklə Azərbaycanın daim zirvələrdə olmasına töhfə verməyə çalışmalıyıq.