Rusiya ilə belə bir müqavilənin bu şərtlər daxilində imzalanması tarixi əhəmiyyətli nəaliyyətdir
Rusiya ilə Azərbaycan arasında tarixin müxtəlif dövrlərində dərin əlaqələr olmuşdur. Azərbaycan Cənubi Qafqazda Rusiya Federasiyası ilə uzun sərhəd xəttinə malik bir dövlətdir. İki ölkənin müstəqillik illərində münasibətləri hər zaman yaxşı olmuşdur. Xüsusi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra balanslaşdırılmış xarici siyasət yürüdən ölkəmiz şimal qonşusu ilə daha yaxın və yaxşı münasibətlər yarada bilmişdir. Rusiya və Azərbaycan arasında müstəqillik dövründə bir neçə əməkdaşlıq haqqında tarixi sənədlər imzalanmışdır. Bunlara misal olaraq Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqaviləsini, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannaməni və Rusiya ilə Azərbaycan prezidentlərinin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatını göstərmək olar. Hesab edirəm ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, sosial, elm, mədəniyyət və digər sahələrdə dərin inkişafın ölkəmizə, cəmiyyətimizə heç bir zərəri yoxdur. Bu gün ölkəmizdə 340 orta məktəbdə minlərlə azərbaycanlı gənc rus dilində təhsil alır ki, bu da dövlətimizin dünyanın ən nəhəng ölkəsi olan qonşumuzla münasibətlərinə verdiyi əhəmiyyətin göstəricisidir.
Ölkəmizin balanslaşdırılmış xarici siyasət yürütməsi heç də öz milli maraqlarına uyğun olmayan siyasət yürüdəcəyi anlamına gəlməməlidir. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa da mühüm əhəmiyyət verir. Ölkəmiz çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Lakin milli maraqları bütün meyarlardan üstün tutulduğu bir siyasət anlayışına malik dövlətçiliyimiz vardır ki, bu da hər bir dövlətlə münasibətlərimizi tənzimləməyimizə imkan verməkdədir. Xüsusi ilə də qonşularımızla dərin və hərtərəfli münasibətlərin qurulması dövlətimizin əsas istiqamətlərindəndir. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən Müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Biz müharibədə qalib dövlət kimi çıxsaq da sülh və əməkdaşlığın regiona gətirilməsini ən çox istəyən tərəf kimi fəal işlər görməyə başladıq. Ətrafımızda olan dövlətlərin, xüsusi ilə də qonşularımızın bizim haqq işimizdə neytrallıqlarını qoruyub saxlamasının özü belə indiki beynəlxalq münasibətlər sistemində elə də asan məsələ deyildir. Ermənistan və Rusiya arasında münasibətlərin dərinliyini nəzərə aldığımız zaman əldə etiyimiz uğurların miqyası daha da aydın görünəcəkdir.
Vətən Müharibəsi xalqımızın sınağı, imtahanı və ədalət mübarizəsi idi. Biz bu ərəfədə dostumuzu da, düşmənimizi də yaxşı tanıdıq. Müharibə dövründə Rusiyanın təmkinli davranaraq Ermənistanın çoxsaylı müraciətlərinə baxmayaraq ən yüksək səviyyədə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisini işğaldan azad etməsi tezisini irəli sürərək ölkəmizin mövqeyini müdafiə etməyini yüksək qiymətləndirmək lazımdır. Rusiya Federasiyası böyük dövlətdir və onun əlbəttə, öz nəhəng maraqları var. Lakin bizə bu məsələdə Rusiyanın bir müddətlik də olsa neytrallığı kifayət etdi ki, haqq işimizi uğurla tamamlayaq. Müharibədən sonra Rusiya Federasiyasının sülhyaratma cəhdləri də uğurla davam etməkdədir. Bəzi məqamları nəzərə almasaq, sülhməramlıların fəaliyyətlərini qənaətbəxş hesab etmək olar.
Azərbaycan ciddi dövlətdir və hər bir qərar, hər bir yanaşma ciddi mərhələlərdən keçməkdədir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin imzalanması həm ölkəmiz, həm regionumuz, həm də dünya üçün ciddi nəticələr formalaşdıracağından onun barəsində uzun zamandır məsləhətləşmələr getməkdədir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Biz Vətən Müharibəsindən sonra regionda ciddi fiqur sayılan iki dövlətlə - Türkiyə və Rusiya ilə müttəfiqlik haqqında bəyannamə imzalayaraq gələcək inkişafımızı təminat altına almış olduq.
Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman qarşılıqlı əməkdaşlıq, dostluq müstəvisində olmuşdur. Xüsusi ilə də dövlət başçıları arasında olan yaxın münasibətlər iki dövlətin əlaqələrinə müsbət təsir etməkdədir. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri formalaşmışdır. Rusiya ilə ölkəmizin arasında yüksək səviyyəli münasibətlərinin dərinləşməsini hansısa mövsümi hadisə ilə əlaqələndirmək doğru olmazdı. Ukraynada baş verən hadisələrə bu sənədin heç bir aidiyyatı yoxdur. Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi qətidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir müddət əvvəl Kiyevdə olması, bir sıra əhəmiyyətli sənədlərin imzalanması, Ukraynanın ərazi bütövlüyünə öz dəstəyini verməsi bir daha sübut edir ki, Azərbaycan hər zaman beynəlxalq hüquqa və onun normalarına hörmətlə yanaşır. Baxmayaraq ki, dövlətimiz uzun illər ədalətsizliklərə məruz qalmışdır.
“Moskva Bəyannaməsi” kimi də qeyd olunan imzalanmış sonuncu bəyannamədə siyasi, iqtisadi, gənclər, idman, kənd təsərrüfatının inkişafı, ticarət dövriyyəsi və bir çox digər sahələrdə qarşılıqlı inkişafla bağlı atılacaq addımlar öz əksini tapmışdır. Rusiya Azərbaycanda istehsal olunan məhsullar üçün hər zaman ciddi bazar rolunu oynamışdır. Milyonlarla soydaşımız Rusiyada yaşamaqdadır. Bu kimi amilləri nəzərə aldığımız zaman Rusiya ilə münasibətlərin daha da dərinləşməsi ciddi əhəmiyyətə malikdir. Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri də yüksək səviyyədədir. Hətta onu da qeyd edim ki, Rusiya ilə gözəl münasibətlərə sahib olmaq Gürcüstan-Azərbaycan əlaqələrinə xələl gətirməyib. Necə ki, imzalanan Bəyanat da Ukrayna-Azərbaycan əlaqələrinə xələl gətirməyəcəkdir.
Dünyada və yaxın ərazilərdə baş verən hadisələr bizi milli müstəqilliyimizi və suverenliyimizi daha da dərindən qorumaq üçün addımlar atmağımızı zəruri edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir zamanda bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasına xidmət edir. Hadisələr göstərdi ki, Rusiya nəinki güclüdür, o hətta dünyanın bütün güc mərkəzlərinə qarşı mübarizə aparacaq iradəyə malikdir. Belə olan təqdirdə biz qonşuluğumuzda olan bu nəhəng dünya dövləti ilə münasibətlərimizin müsbət dinamikasını qoruyub saxlamalıyıq. Bu baxımdan “Moskva Bəyannaməsi” ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Hər bir sənədin əsası onun ifadə etdiyi mənasıdır, onun məramı və məqsədidir. “Moskva Bəyannaməsi”nin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda vermək, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürür. Rusiya Federasiyası kimi bir ölkə ilə belə bir müqavilənin bu şərtlər daxilində imzalanmasına nail olmaq tarixi əhəmiyyətli uğurdur. Xüsusi ilə də əgər baş verən hadisələrin fövqündə bəzi məsələləri təhlil etsək, o zaman uğurumuzun miqyası daha aydın görünəcəkdir.
Bizim heç bir dövlətin suverenliyi, ərazi bütövlüyü ilə problemimiz yoxdur. Heç vaxt digər dövlətlərin daxili işlərinə qarışmamışıq. Ona görə də belə bir bəyannamənin imzalanması Rusiya Federasiyasından daha çox bizim üçün faydalıdır. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Bu məqamın özü belə bəyannamənin iki bərabərhüquqlu tərəflər arasında imzalanmasına işarədir. Eyni zamanda da hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürür. Hər iki tərəf öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacağına zəmanət verir. Biz Qoşulmama Hərəkatının sədri olan bir dövlət kimi onsuz da yuxarıda sadalanan prinsipləri öz dövlətçiliyimizdə və ikili münasibətlərimizdə tədbiq edirik. Yəni əslində bəyannamədə qeyd olunan sadaladığımız və digər amillərin əksəriyyəti bizim siyasətimizdə öz yeri olan məqamlardır.
Bir məsələ ilə də bağlı öz fikirimi bildirmək istərdim ki, çox təəssüf ki, bəzi insanlar bütün bəyannaməni sual altına almaq, onun milli maraqlara zidd olduğunu sübut etmək, bununla da Rusiyanın keçmiş imperiya siyasətinə qayıtmaq arzusunda olduğunu cəmiyyətdə sanki ifşa etmək niyyətlərindədirlər. Əlbəttə, hər bir dövlətin öz milli maraqları var. Lakin 30 illik ədalətsizlikdən sonra müdrik Azərbaycan xalqı və Müzəffər Ali Baş Komandan öz ərazi bütövlüyümüzü təmin etməklə sübut etdi ki, Azərbaycan xalqı yenilməz xalqdır. Bəzi qurum, təşkilat və dövlətlərdən maliyyələşən kəslər, qruplar, ünsürlər ölkəmizin güclənməsinə qarşı düşmən mövqedən çıxış edirlər. Cəmiyyət olaraq belə kəslərə qarşı barışmaz ictimai mövqe, qınaq formalaşdırmaq lazımdır.
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri