Rumıniyanın imkanlarından istifadə olunaraq digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcək

Rumıniyanın imkanlarından istifadə olunaraq digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcək
Aida Babayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Qasım Qasımov adına körpələr evi, uşaq bağçasının müdiri

Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq əlaqələri qarşılıqlı maraqlar əsasında qurulub. Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında da qeyd olunduğu kimi, indiyədək ölkələrimiz arasında Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu tərəfdaşlıq sadəcə imzalanmış sənədlərlə deyil, eyni zamanda da ölkələrimiz arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olmasında öz təsdiqini tapır.

Əldə olunan razılaşmalara əsasən iki ölkə arasında ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Təbii ki, bu gün məhz energetika sahəsində əməkdaşlıq daha aktualdır. Həm də bu aktuallıq təkcə Azərbaycan-Rumıniya münasibətlərində deyil, eyni zamanda bütün dünya ölkələrinin gündəliyində özünü göstərir. Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş ölkələrimiz arasında əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Rumıniya Azərbaycan qazını yalnız istehlak etməyəcək. Bu ölkənin imkanlarından istifadə olunaraq bir çox digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək.


Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında söyləyib ki, Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk Avropa İttifaqı ölkəsidir. Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb və bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır. 


Qeyd etmək lazımdır ki, Rumıniya hər zaman ölkəmiz tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələri dəstəkləyib. Həmçinin, Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin əsas təşəbbüsçülərindən biridir. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlər daha yüksək səviyyəyə qaldırılıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da CQD vasitəsilə Rumıniyaya çatdırlması üzrə hazırlıq işləri aparılır.

Dövlətimizin başçısı bildirib ki, yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Gördüyümüz kimi, Azərbaycan enerji təhlükəsizliyinə doğru atılan addımların əsas təşəbbüsçüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.