Ruminiya ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlıq inkişaf edir
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan dünya dövlətləri ilə qarşılıqlı maraqlar əsasında ikitərəfli əməkdaşlıqlarını artırmaqda davam edir. Bu ilin fevral ayında ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilməsi, səfər çərçivəsində müzakirə olunan məsələlər və imzalanan sənədlər iki ölkə arasında səmərəli tərəfdaşlığın göstəricisi hesab oluna bilər. Azərbaycanla siyasi əlaqələri inkişaf etdirməkdə maraqlı olan Rumıniya ilə strateji tərəfdaşlığa dair sənədlərin imzalanması bu səfərin önəmli xüsuslarındandır.
Getdikcə daha çox qloballaşan dünyanın sürətli inkişafı ilə səsləşmək üçün dövlətimiz tərəfindən aparılan iqtisadi siyasətin yeni hədəflərə köklənməsi fonunda ticarət dövriyyəsinin artırılması istiqaməti böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanla Rumıniyanın ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafının ticarət dövriyyəmizin şaxələndirilməsi üçün yeni bir imkan olaraq dəyərləndirilməsi labüddür. Hazırda Rumıniya ilə ticarət dövriyyəmizin əvvəlki vaxta nəzərən iki dəfə artmasını bir fakt olaraq qəbul etsək də bununla kifayətlənməyi məqsədəuyğun hesab edə bilmərik. Belə ki, mövcud ixracın əsasını xam neft təşkil edir və dövlətimiz Azərbaycanın ticarət dövriyyəsində daha geniş və əhatəli addımlar atdığı bir məqamda Rumıniya ilə olan ticarət əlaqələrini də müvafiq olaraq inkişaf etdirməkdə maraqlıdır. Nəzərə alsaq ki, Azərbaycanın neft şirkəti SOCAR uzun illər ərzində Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu ilə uğurlu fəaliyyətini davam etdirir, gələcəyə yönəlmiş planların qurulması və inkişafı üçün dayanıqlı zəminin olduğu şübhə doğurmur.
Bu gün dünyanın inkişaf etmiş dövlətlərinin maraq dairəsində əsas yerlərdən birini tutan energetika sahəsi Azərbaycan-Rumıniya əlaqələrində də əhəmiyyətli yerə malikdir. Eləcə də təbii qazın ixracı ilə bağlı perspektivlər imzalanmış saziş fonunda yeni fəaliyyət istiqamətləri müəyyən edir. Belə ki, Azərbaycan qazının Avropada yeni ünvana çatması Rumıniya vasitəsi ilə digər Avropa ölkələrinə də nəql olunmasına imkan yaradacaqdır. Bu isə öz növbəsində Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu bir daha diqqətə çatdırır.
İki il əvvəl Cəub Qaz Dəhlizinin son seqmentinin, TAP layihəsinin uğurlu icrasının ardıcıl iqtisadi layihələrin növbəti halqası olduğu artıq hamı tərəfindən qəbul olunmuşdur. Ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorondumu da qaz ixracında olan artımın növbəti göstəricisidir.
Günün tələblərinə uyğun olaraq əhəmiyyətini getdikcə artırmaqda olan yaşıl enerji istiqamətində atılan ciddi addımlar da böyük önəm daşıyır. Azərbaycanın Buxarestdə yaşıl enerji ilə bağlı təşkil etdiyi tədbir bu baxımdan diqqətə layiqdir. Böyük sərmayə tələb edən bu strateji layihə bir-neçə ölkəni əhatə etməklə səmərəli və geniş fəaliyyət imkanları ilə iki dənizi birləşdirməyi planlaşdırır.
Ticarət əlaqələrinin genişləndirilməsi, ixracın artırılması kimi məsələlərdən danışarkən nəqliyyat əlaqələrinin inkişaf perspektivlərinə diqqət yetirməmək mümkün deyil. Azərbaycanla Rumıniyanın qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməkdə olan əlaqələrinin Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın da irəliləməsi üçün təkan olacağı gözlənilənlər arasındadır. Ölkələrimiz arasında hərtərəfli əməkdaşıq və uğurlu birgə fəaliyyət Azərbaycan və Rumıniyanın inkişafına öz töhfəsini verəcəkdir.