Regional faktorda ölkələr arasında yeni addımlar
Firəngiz Məlikbəyli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Azərbaycan - Türkiyə əlaqələri Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın son illər ərzində qətiyyətli səyləri nəticəsində ikitərəfli formatdan çıxaraq, artıq regional faktora çevrilib ki, bu da iki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə uğurlu əməkdaşlığının bariz nümunəsi və ölkələrarası münasibətdə etalona çevrilib. Azərbaycan və Türkiyənin birlikdə reallaşdırdıqları nəhəng layihələr ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticari, nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə daha da genişləndirilməsində xüsusi rol oynayır.
Bu gün bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda da bu sıx münasibətlər özünü göstərir və işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı tikinti işləri, mühüm infrastruktur layihələri türk şirkətlərinin iştirakı ilə həyata keçirilir.
Növbəti əhəmiyyətli addım kimi dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşünü qeyd etməliyik. Görüşü giriş sözü ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov açaraq çıxış etdi. Daha sonra isə ölkə başçısı cənab İlham Əliyev bu il ikinci dəfə qardaş Türkmənistana səfər etməsindən və yenidən burada olmağından məmnunluğunu bildirmiş, Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkür etmişdir. Türkmənistanın sabit və dinamik inkişaf yolundan, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlılığından söz açan İlham Əliyev xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələrdən qürur duyduğunu qeyd etmişdir.
Prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşünün nəticəsi kimi Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. Əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edildi.“Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandumu” nun imzalanması tarixi bağlar üzərində qurulmuş münasibətlərimizin ölkələrimiz arasındakı iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Hazırda dünyadakı yeni çağırışların və təhdidlərin olduğunu vurğulayan Prezidentimiz İlham Əliyev bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin böyük önəmindən danışaraq bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün əhəmiyyətini göz önünə gətirmşdir. Liderimiz belə görüşlərin bundan sonra müntəzəm olaraq keçiriləcəyi və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcəyini qeyd etmişdir.