“Qətiyyətli cavab” əməliyyatına səbəb Ermənistanın təxribatçı mövqeyidir
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara əsasən Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hərəkətləri çox təhlükəli addımlardır. Xüsusi ilə də IV Brüssel görüşündən sonra sülh müqaviləsi mətninin hazırlanmağa başlanıldığı bir zamanda belə bir addımın atılmasını müxtəlif tərəflərdən təhlil etmək olar. Lakin heç bir düşmən həmləsi xalqımızın sarsılmaz qürurunu və qalib keyfiyyətlərini yenə bilməz. İkiüzlü erməni xəstə xislətini biz yaxşı bilirik. Brüsseldə bir, Moskvada başqa, İrəvanda daxili auditoriya qarşısında tam fərqli havaya çalıb-oynayan Ermənistanın rəsmi hərbi-siyasi çevrələri bilməlidirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək müharibəni tamami ilə bitirmişdir. Özü də yüksək peşəkarlıq nümayiş etdirərək mülki əhaliyə zərər vermədən qalib gəlmişik. Müharibə vaxtı Azərbaycan ordusuna məğlub olaraq məğlubiyyət aktına imza atan Ermənistan müharibədən sonra təxribatlara əl atmaqla nə isə əldə edə biləcəyini zənn etməkdə böyük səhvə yol verir.
Görünür daima münaqişə mühitini qoruyub saxlamağa cəhd edən Ermənistan bu ilin sonuna qədər sülh müqaviləsini imzalamayaraq zaman qazanmaq düşünür. Azərbaycanı münaqişəyə çəkməklə isə sanki Azərbaycanın aqressor olduğunu və sülh prosesini məhz biz pozduğumuzu dünyaya göstərmək istəyir. Lakin “Qətiyyətli cavab” əməliyyatına səbəb Ermənistanın təxribatçı mövqeyidir. Əlbəttə, Ermənistanın xəstə təxəyyülü bir çox nağıllar “istehsal etmək” qüdrətində olsa da dünya Azərbaycanın qalib dövlət olmağına rəğmən sülh prosesinə can atdığını dəfələrlə görmüşdür. Qafqazda, yeni bir münaqişə ocağını qalamaq yalnız Azərbaycana qarşı çevrilmiş strateji addım deyil. Bir çox başqa dövlətlər üçün də Ermənistan yeni oyunlar qurmaqdadır.
“Qətiyyətli cavab” əməliyyatına gətirib çıxaran səbəblərdən biri və ən birincisi Ermənistanın 10 noyabr bəyanatına sadiq qalmamasıdır. Bu gün Azərbaycanın suveren əraziləri olan Qarabağın bir sıra yerlərində Ermənistan silahlı qüvvələrinə məxsus silahlı birləşmələr vardır. Eyni zamanda da Zəngəzur dəhlizinin açılması məsələsi öz aktuallığını qoruyur. Ermənistan isə bu cür təxribatlarla prosesi uzadır və aktuallığı davam edən məsələlər ətrafında müzakirələri səngidərək gündəmdən çıxarmaq istəyir.
Beynəlxalq aləm, münaqişənin həllində rol almaq istəyən dövlətlər Ermənistanın timsah göz yaşlarına hələ də inanırlar. Paşinyan Ermənistan-Azərbaycan sərhəddindəki gərginlik fonunda Vladimir Putinə, Emmanuel Makrona, İbrahim Rəisiyə və Entoni Blinkenə zəng edib. Eyni zamanda da KTMT-nin iclasının keçirilməsini tələb edib. Bunun özü belə ikiüzlü siyasətdir. Brüsseldə başqa cür danışıb, gəlib İrəvandan KTMT-yə müraciət etmək özlüyündə rəsmi İrəvanın simasının ifadə edir. Lakin Paşinyan bir məqamı unudur ki, Azərbaycan başda Rusiya olmaqla Ermənistandan başqa bütün KTMT-yə üzv olan ölkələr ilə həm strateji əməkdaşdır, həm də bir çoxu ilə tarixi qohumluq, dostluq münasibətləri vardır. Bu məqamalar əlbəttə, əhəmiyyətlidir. Lakin əsas məqam dövlətimizin siyasətidir. Bizə heç bir qüvvə milli maraqlarımızın müdafiəsinin təmin olunması ilə bağlı təsir göstərə bilməz.
Gecənin qaranlığından istifadə edərək, yolkəsən, quldur, terrorçu kimi mövqelərimizi atəşə tutan, təminat yollarımızı minalamağa cəhd edən düşmənə çox ciddi zərbə endirilmişdir. Əldə olunmuş məlumatlara əsasən böyük həcmdə maddiyyatla ölçülən silah-sursat, hərbi avadanlıqla yanaşı, düşmən tərəf çoxsaylı itki vermişdir. “Qətiyyətli cavab” əməliyyatı nəticəsində yenə də ordumuz strateji yüksəkliklərə nəzarəti ələ keçirə bilmişdir. Əməliyyat nəticəsində Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın hərbi infrastrukturu sıradan çıxarılıb.
Başda “Qətiyyətli cavab” əməliyyatında şəhid olan vətən oğulları olmaqla bütün şəhidlərimizin qarşsında ehtiramla baş əyirik. Ruhları şad olsun!
Allah Müzəffər Ali Baş Komandanı, Rəşadətli Ordumuzu Müdrik xalqımızı qorusun!