Kifayət Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin müəllimi
Çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik yerli sakinləri – Azərbaycan türkləri olan, orta əsrlərdə inşa edilmiş əzəmətli memarlıq abidələri ilə şöhrət qazanan Azərbaycan qədim və orta əsrlər dövründə şərəfli bir tarixi yol keçmişdir. Azərbaycanın ərazisi və orada əzəldən yaşamış qədim tayfalar haqqında ilk və geniş məlumat «Tarixin atası» adlanan qədim Yunan tarixçisi Herodotun «Tarix» əsərində verilmişdir. Mənbələrdə ən qədim türk tayfalarının Azərbaycanda yaşadıqları göstərilməklə yanaşı, Azərbaycanın əzəli və yerli sakinlərinin türk tayfalarından ibarət olduğu təsdiq olunmuşdur.
Tarixdən məlumdur ki, Azərbaycanın həmçinin Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinləri Azərbaycan türkləri olduğu halda, ermənilər isə bu ərazilərə Çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində xarici ölkələrdən köçürülərək gəlmə bir xalqdır. Qərbi Azərbaycanın İrəvan əyalətində qədim dövrdə, erkən və orta əsrlərdə mövcud olmuş türk mənşəli toponimlərin Azərbaycan türkcəsində olması bir daha Azərbaycan türklərinin Qərbi Azərbaycan ərazisinin qədim və yerli sakinləri olduğunu və orada əzəldən yaşadıqlarını sübut edir. Araşdırma nəticəsində aydın olur ki, ermənilər Qərbi Azərbaycanın İrəvan əyalətinə və b. ərazilərə gəlmə olduğundan eyni zamanda orada yaşayan yerli əhalinin Azərbaycan türkləri olduğundan oradakı (İrəvan) qədim yer adları ermənicə deyil, məhz Azərbaycan türkcəsindədir.
Bundan başqa Qərbi Azərbaycanın yerli sakinlərinin Azərbaycan türklərindən ibarət olmasını təsdiqləyən digər tarixi faktlardan biri də İrəvanda orta əsrlərdə inşa edilmiş Azərbaycan-türk memarlıq abidələrinin olmasıdır. Qərbi Azərbaycan ərazisində inşa edilmiş orta əsr Azərbaycan-türk memarlıq abidələri İrəvanın tarixində əhəmiyyətli bir yer tutmaqdadır. Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinlərinin Azərbaycan türkləri olmağına baxmayaraq Rus imperiyası tərəfindən ora köçürülən ermənilər Azərbaycan türklərini öz doğma yurdlarından didərgin salmaq üçün Rus imperiyasının əli ilə özlərinin məkirli niyyətlərini həyata keçirdilər. Belə ki, ermənilərin maraqlarına uyğun olaraq 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən artıq azərbaycanlını, o cümlədən 1988-1994-cü illərdə bir milyondan artıq azərbaycanlını öz doğma ata-baba yurdlarından zorla çıxarmış və onlar qaçqın və məcburi köçkün halında Azərbaycanda məskunlaşmışlar.
Ermənilərin Azərbaycan-türklərinə qarşı müxtəlif illərdə törətdiyi zorakı hərəkətlərin, xüsusilə azərbaycanlıların öz doğma yurdlarından zorla qovulmasının əsil qiyməti Azərbaycanda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Ermənilərin zorakı hərəkətlərinə dövlət səviyyəsində qiymət verən, Azərbaycanın itirilmiş torpaqlarının sülh yolu ilə qaytarılması üçün öz səyini, bacarığını əsirgəməyən böyük siyasətçi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdi: «Xalqımız daim bilməlidr ki, bizim tarixi torpaqlarımız hansılar olubdur. Hansılar, nə vaxt əlimizdən gedibdir, niyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar».
“Zaman hakim, tarix isə yaddaşdır” deyiblər. Tarix faktlara əsaslanır, saxtakarlığı sevmir. Ən əsası tarix yazılmır, yaradılır. Azərbaycan xalqı zəngin, qəhrəmanlıq səhifələri ilə dolu olan tarixi ilə hər zaman qürur duyub. Özünə saxta tarix yazan, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiaları irəli sürən ermənilər isə fakt qarşısında acizliklərini gizlətməkdə hər zaman çətinlik çəkirlər. Zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən ermənilər yalan təbliğatları ilə özləri barədə “yazıq, məzlum, döyülən və əzilən bir millət” obrazını yaratsalar da, əbəs yerə deyilmir ki, tarix həmişə hər şeyi öz yerinə qoyur.
Ümummilli lideri Heydər Əliyevin dediyi gələcək nəsil məhz Ali baş komandanımız İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində bizə Şuşanın 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı. Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. İndi isə Xalqımızın qarşısında Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Bu həftə Qərbi azərbaycanlılarla görüşdə cənab Prezident İlham Əliyev onlara yenə əminlik verdi və bildirdi ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız Qərbi Azərbaycana qayıdacaqlar. 44 günlük Vətən müharibəsində olduğu kimi biz Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik.