Qədim karvansaralar, məscidlər, körpülər və tarixi tikililər Azərbaycanın zəngin mədəni irsinin mühüm nümunələridir

Qədim karvansaralar, məscidlər, körpülər və tarixi tikililər Azərbaycanın zəngin mədəni irsinin mühüm nümunələridir

Raminə Ağayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 36 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru

Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın müasir inkişaf strategiyasını, şəhərsalma siyasətini və milli-mədəni irsini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm nitqlərdən biri kimi yadda qalmışdır. Bu çıxış yalnız şəhərsalma və memarlıq məsələlərini deyil, həm də Azərbaycanın tarixi, mədəniyyəti, ekoloji siyasəti və postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərini əhatə etmişdir.

Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi dəyərləndirilmişdir. Prezident qeyd etmişdir ki, forumda dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi şəhərsalma və dayanıqlı inkişaf sahəsində Azərbaycana göstərilən böyük marağın təzahürüdür. Bu tədbir Azərbaycanın qlobal platformalarda fəal iştirak etdiyini və beynəlxalq əməkdaşlığa mühüm töhfələr verdiyini bir daha nümayiş etdirmişdir.

Çıxış zamanı dövlət başçısı Azərbaycanın qədim tarixə və zəngin memarlıq ənənələrinə malik olduğunu xüsusi vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan xalqı təkcə musiqisi, poeziyası və ədəbiyyatı ilə deyil, həm də əsrlər boyu formalaşmış memarlıq irsi ilə fəxr edir. Bakı şəhəri və ölkənin bir çox qədim yaşayış məskənləri Şərq memarlığının incilərini özündə yaşadır. İçərişəhər kompleksi, qədim karvansaralar, məscidlər, körpülər və tarixi tikililər Azərbaycanın zəngin mədəni irsinin mühüm nümunələridir. Bununla yanaşı, müasir memarlıq nümunələri də ölkənin inkişafını və yenilənən simasını əks etdirir.

Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanın qovşağında yerləşir və tarix boyu Şərqlə Qərbin görüşdüyü mühüm mədəni məkan olmuşdur. Bu xüsusiyyət ölkənin şəhərsalma ənənələrində, memarlıq üslubunda və multikultural mühitində özünü aydın şəkildə göstərir. Bakının qədimliklə müasirliyi birləşdirən memarlıq üslubu da məhz bu harmoniyanın nümunəsi kimi təqdim edilmişdir.

Çıxışda ətraf mühitin qorunması və dayanıqlı inkişaf məsələləri geniş yer almışdır. Prezident qeyd etmişdir ki, Azərbaycan son illər ekoloji problemlərin həlli istiqamətində mühüm addımlar atmış, yaşıllıqların artırılması, alternativ enerji mənbələrinin inkişafı və müasir ekoloji standartların tətbiqi istiqamətində böyük layihələr həyata keçirmişdir. Şəhərsalma siyasətində ekoloji balansın qorunması, insanların rahat və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir.

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması da çıxışın mühüm məqamlarından biri olmuşdur. Prezident bu qərarın ölkədə memarlıq ənənələrinin qorunması, müasir urbanizasiya proseslərinin daha səmərəli təşkili və şəhərlərin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. İl ərzində həyata keçiriləcək layihələrin həm tarixi irsin qorunmasına, həm də innovativ şəhərsalma yanaşmalarının tətbiqinə xidmət edəcəyi qeyd olunmuşdur.

Nitqdə Azərbaycanın müxtəlif bölgələrində sürətlə aparılan abadlıq və quruculuq işlərinə də toxunulmuşdur. Xüsusilə Bakı şəhərində son illərdə həyata keçirilən infrastruktur layihələri, yeni yolların, parkların, yaşayış komplekslərinin və ictimai məkanların yaradılması paytaxtın müasir dünya şəhərləri sırasında öz mövqeyini möhkəmləndirmişdir. Bakı artıq yalnız regionun deyil, dünyanın ən müasir və gözəl şəhərlərindən biri kimi tanınır.

Prezident çıxışında Bakı şəhərinin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini də vurğulamışdır. Xüsusilə Formula 1 Azərbaycan Qran Prisi yarışlarının şəhər halqasında keçirilməsi Bakının müasir infrastrukturunu və yüksək təşkilatçılıq imkanlarını nümayiş etdirən mühüm hadisə kimi qeyd edilmişdir. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın dünyadakı müsbət imicinin formalaşmasına böyük töhfə verir.

Çıxışın ən mühüm hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərinə həsr olunmuşdur. Prezident bildirmişdir ki, hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin bərpası və həmin torpaqlara həyatın qaytarılmasıdır. Bu məqsədlə Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin baş planları hazırlanır, müasir infrastruktur qurulur.

Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin mühüm hissəsi kimi təqdim olunmuşdur. Yeni yaşayış məntəqələrində ekoloji təmiz  enerji mənbələrindən istifadə edilir, müasir kommunikasiya sistemləri qurulur və dayanıqlı yaşayış prinsipləri əsas götürülür. Bu layihələr yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ən müasir şəhərsalma nümunələrindən biri hesab olunur.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qədim irsini qoruyaraq müasir inkişaf yolunda inamla irəlilədiyini göstərən mühüm siyasi və ideoloji mesaj kimi qiymətləndirilə bilər. Nitqdə şəhərsalmanın yalnız tikinti və infrastruktur məsələsi olmadığı, eyni zamanda insanların həyat keyfiyyətinin yüksəldilməsi, milli kimliyin qorunması və gələcək nəsillər üçün sağlam yaşayış mühitinin yaradılması məqsədi daşıdığı xüsusi vurğulanmışdır.