Qüdrətli Azərbaycan məkrli təhdidlərə qarşı qətiyyətli mübarizəyə qadirdir
Kifayət Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin müəllimi
Bu gün müasir, müstəqil, qalib dövlətimizin adını çox böyük fərəh və qürur hissi ilə çəkirik. Azərbaycan bu fərəhli günlərə addım-addım irəliləyib və məqsədinə nail olub. Otuz illik müstəqillik dövrümüzdə gedilən bu yol heç də asan olmayıb. Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş uğurlu siyasət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. O, çox böyük məharət, yüksək siyasi iradə və qətiyyət göstərərək qarşıya qoyulan müqəddəs məqsədə doğru irəlilədi, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Müzəffər Ordumuzla birlikdə Azərbaycanın müstəqillik tarixində parlaq Zəfər salnaməsini yaratdı.
Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan beynəlxalq aləmdə sülhün və mübarizliyin təminatçısı, etibarlı tərəfdaş və tolerant dövlət kimi tanınır. Dövlətimizin uğurları qonşu İran tərəfindən səbəbsiz yerə hiddətlə qarşılanır.
Əslində səbəb aydındır. İran tarixi ədalətsizliyin aradan qaldırılmasından, ölkəmizin güclü mövqeyindən ehtiyatlanır və aqressiv münasibət sərgiləyir. İran artıq açıq şəkildə Azərbaycan daxili işlərinə qarışmağa başlayıb. Ölkə daxilindəki sabitlik və asayişi pozmaq üçün təxribatçı və casus qruplarını aktivləşdirir. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi son əməliyyatlar da bunu təsdiq edir. İranın Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyəti aydın görünür. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi də bunu sübut edir. Maraqlısı budur ki, İran təkcə xarici siyasətindəki uğursuzluqlarının deyil, daxilindəki böhranlarının da günahını Azərbaycanda axtarır.
İranın yerli mediasının Azərbaycan əleyhinə təbliğatı daha da artıb. Daxildəki etiraz dalğalarını uydurma ssenarilərlə Azərbaycanla əlaqələndirirlər. Yəni Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırmağa çalışırlar. Araz kənarına ordu yığmaq və hərbi təlimlər keçmək də açıq təhdiddir. Amma İranın daxildəki böhrandan diqqəti yayındırmaq üçün Azərbaycanı düşmən elan etməsi cəhdi əbəsdir. Azərbaycan dövlətinin hər cür təxribata və hücuma cavab verəcək gücü və qüdrəti var. Vətən müharibəsində xalqımızın sərgilədiyi milli birlik, ordumuzn göstərdiyi şücaət bunu sübut edir.
İnformasiya təhdidləri və təxribatları ilə Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək bir daha İranın məkrli niyyətindən xəbər verir. Əgər İran dünya müsəlmanlarının təəssübkeşi və yaxşı qonşu olsaydı, Ermənistana qaz boru xətti çəkmək, yanacaq, silah, yardımı əvəzinə Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb edərdi. Rəsmi Tehran yaxşı olar ki, daxildəki böhranlarının səbəblərini dərindən və dürüst təhlil edərək orada yaşayan insanların, o cümlədən də həmvətənlərimizin hüquqlarına hörmətlə yanaşsın.