“Qubadlının azad olunmasına görə” medalına 2 general-leytenant, 3 general-mayor, 21- polkovnik layiq görülüb
Fuad Rəhimov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Yeni Suraxanı bələdiyyəsi sədrinin vəzifəsini müvəqqəti icra edən
Bildiyiniz kimi, Vətən müharibəsi - 2020-ci il oktyabrın 25-i hərb tariximizə Qubadlı şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən artıq Qubadlı şəhərinin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı şəhəri günü kimi qeyd olunur.
Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 802 kv.m.-dir. Qubadlı Rusiya imperiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur. Sovet dövründə Qubadlı əvvəlcə Azərbaycan SSR-in Zəngilan rayonunun bir hissəsi idi, sonra isə Qubadlı rayonu yaradılmış və onun inzibati mərkəzi təyin edilmişdir. Şəhər 1923-cü ildən 1930-cu ilə qədər Kürdüstan qəzasının tərkibində olmuşdur. 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində olmuşdur. Qubadlıya 1962-ci ildə şəhər tipli qəsəbə, 24 iyul 1990-cı ildə şəhər statusu verilmişdir. Burada asfalt zavodu, quşçuluq fabriki, daş karxanası, üç məktəb, iki xalq kitabxanası, mədəniyyət evi, kinoteatr və xəstəxana yerləşirdi. Qubadlı şəhəri Birinci Qarabağ müharibəsi zamanı, 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş, oranın azərbaycanlı əhalisi məcburi köçkün olmuşdur. Azərbaycan şəhəri İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə azad etmişdir.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 41 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalamış və Azərbaycan Respublikasının "Qubadlının azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu medala layiq görülən hərbi qulluqçuların 2-si general-leytenant, 3-ü general-mayor, 21-i polkovnikdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinə səfərləri çərçivəsində Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.
Dövlətimizin başçısı tərəfindən Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlləri də qoyulmuşdur.
Dövlətimiz tərəfindən keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində kompleks tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının keçmiş məcburi köçkünlərə olan diqqət və qayğısının nəticəsidir ki, Abşeron rayonunun ərazisində, Sumqayıt şəhərində, eləcə də digər şəhər və rayonlarda tikilmiş yeni şəhərciklərə Qubadlı rayonundan olan keçmiş məcburi köçkün ailələri köçürülüb.
Bütün bunlara baxmayaraq, keçmiş məcburi köçkün düşmüş soydaşlarımız inanırdılar ki, tezliklə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə öz doğma yurd-yuvalarına qayıdacaq və həmin günü qələbə günü kimi qeyd edəcəklər. Artıq həmin zamanı yaşamışıq. İşğaldan azad olunan məkanlarımızda yeni bir həyat başlanıb.
Bu gün əminliklə demək olar ki, Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir.