Qubadlı Ermənistan ilə dövlət sərhəddimizi müəyyən edən strateji rayondur
Fərzanə Cahangirova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 149 saylı körpələr evi, uşaq bağçasının tərbiyyəçisi
Azərbaycan Respublikasının cənub-qərbində yerləşən və zəngin faydalı qazıntı ehtiyatlara malik Qubadlı rayonu dilbər guşələrimizdəndir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Bu o deməkdir ki, Qubadlı Ermənistan ilə dövlət sərhəddimizi müəyyən edən strateji rayondur. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Bu bərəkətli torpaqları olan rayonun ecaskarlığı təkcə sahibini yox, sərhəd qonşusu olan mənfurları da valeh edirdi. Elə başımıza gələn bütün bəlaların, zülmün də səbəbi torpaqlarımızın aşıb-daşan bərəkəti idi.
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Biz otuz ilə yaxın müddətdə sağalmayan yaranı ürəyimiz üstə gəzdirdik. Sadalanan tarix kimlər üçünsə simvolik rəqəmlərdən ibarət sıradan bir gün idi. Azərbaycan xalqı isə hər il həmin gün ən az 1993-cü ilin həmin günündə olduğu qədər yaralanırdı. Bir-birinin ardınca ötən illər bizim fiziki yaralarımızı sağaltdıqca mənəvi yaralarımız daha da ağırlaşırdı. Çünki ötüb keçən zaman Qubadlını bizdən uzaqlaşdırırdı!
Azərbaycan Ordusunun 2020 – ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Qubadlı şəhərinin azad edilməsi Böyük Qələbəni yaxınlaşdırdı. Özgənin yurdunu özününküləşdirib özünə yurd bilənlər məğlub olmuşdu. Bu məğlubiyyət başında cənab Prezident İlham Heydər oğlu Əliyev kimi sərkərdəsi olan Müzəffər Ordu qarşısında, haqqın və ədalətin qarşısında idi.
Bir xalqı məğlub etmək üçün onun inamını almaq gərəkdir. Türkü məğlubedilməz edən iki amil var. Biləyinin və inamının gücü! Biz yandıqca küllərindən doğulan böyük xalqıq və Qubadlıya yeni ruhda yeni nəfəslə dönəcəyik. Biz artıq 30 il bundan öncə torpaqlarımızdan ayaqyalın çıxarılan xalq deyilik. Biz 30 il boyunca inamı qırılmayan böyük xalqıq. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti, tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, Qubadlı bizi çox intizarda qoymayacaq. Böyük qayıdışımız yaxındır.