Qoy çaylarımız, dənizimiz, göllərimiz qurumasın, torpaqlarımız hər zaman bərəkətli olsun

Qoy çaylarımız, dənizimiz, göllərimiz qurumasın, torpaqlarımız hər zaman bərəkətli olsun

Cəmilə Ağayeva   

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri

Bəşəriyyət yaranandan suya ehtiyac olub. Yeri-göyü yaradan Uca Tanrı eyni zamanda bir çox faydalı nemətlər də yaratmışdır ki, bəşər övladı bunlardan istifadə edərək, yaşayıb yaratsın və inkişaf etsin. Bu nemətlərdən olan su, hər zaman və hər dövrdə lazımlı olmuşdur. Belə ki, təbiətin bizə bəxş etdiyi qar, yağış nəticəsində dənizimiz, su hövzələrimiz dolmuş və sonradan dövlətin təsərrüfatında həmin bu nemət Azərbaycanın inkişafına səbəb olmuşdur.
Əkin sahələri, meyvə-tərəvəzlər, ümumiyyətlə insanlıq, su ilə yaşam tapmışdır. Bu neməti qorumaq və israf etməmək, hər bir vətəndaşın borcudur. Bu neməti artırmaq və həmin o neməti gündəmdə saxlamaq bizlərin borcudur. Elə buna görədir ki, hər zaman, hər birimizin Prezidenti olan cənab İlham Əliyev, Azərbaycanın daxili və xarici siyasəti, inkişafı, irəliləyişini, bütövlüyünü fikirləşdiyi qədər də, Allahın bizlərə bəxş etdiyi bu nemətin də qədrini bilir və onun insan həyatı və təbiətimiz üçün nə qədər yararlı olmasına önəm verir. Buna misal, 16 Aprel tarixində yenidən qurulucaq Şirvan suvarma kanalının təməlqoyma mərasimini göstərmək olar.
Azərbaycanda gedən abadlıq-quruculuq işləri, nəinki işğaldan azad olunmuş torpaqlarda, eyni zamanda ölkəmizin hər bir yerində yüksəkliyə doğru qalxan dinamik inkişafı göstərir. Yuxarı Şirvan suvarma kanalı 20-ci əsrin ortalarında, 1958-ci ildə inşa edilmişdir. Həmin bu kanal uzun illər səkkiz rayonu əhatə edib və bu rayonların əkin sahələri, bu kanaldan yararlanıb və suvarılıb. Sevindirici haldır ki, yeni layihə icra ediləndən sonra, suvarma kanalı 10 rayonu və eyni zamanda 230 min hektar əkin sahəsini əhatə edəcək. Bu suvarma kanalının və eyni zamanda əkin sahələrinin də ikiqat artırılması və inkişafı deməkdir. Şirvan kanalı istifadəyə veriləndən sonra isə son nöqtəsi Hacıqabul gölünün dolması olacaq. Belə ki, bu göl uzun illərdir ki, tamamilə suya həsrət qalıb.
Prezident cənab İlham Əliyevin bu haqda çıxışına qulaq asdıqca, ürəyim fəxarət və qürur hissi ilə dolur. Bu çıxışında Yenilməz Sərkərdə, Azərbaycanın xilaskarı, xronologiya ilə, “Taxta körpü” su anbarının tikintisini, “Şəmkirçay su anbarı”-nın layihəsini, gələcəkdə “Qarabağ kanalı”-nın inşasını, Qəbələ rayonunda “Yengicə su anbarı”-nın inşasını, Ağdam rayonunda “Xaçınçay su anbarı”-nın açılışını, Füzuli rayonunda “Köndələnçay su anbarı”-nın yaxın gələcəkdə açılışını, hazırda “Zabuxçay su anbarının inşasını”, “Suqovuşan su anbarının” qurulmasını, “Həkəriçay su anbarı” və “Bərgüşadçay su anbarı”-nın və kanalların inşasını sadaladıqca, düşünürəm ki, hələ qarşıda gör nə qədər görüləsi işlər var.
Mən bu xronologiyanı öz yazımda yazdıqca, bəlkə bu yazını oxuyan insan yorula bilər, lakin bu əməli işləri görən Prezidentim yorulmur və usanmır. Öz çıxışında, Hacıqabul gölünün 10 ildən çoxdur ki, qurumasını vurğulayan və Şirvan suvarma kanalının istifadəyə verilməsindən sonra, həmin o gölün dolacağını deyən Prezident Cənab İlham Əliyevə qulaq asdıqca düşünürəm, nə qədər həsrətli məscidlərimiz, Onun sayəsində azan eşitdi, nə qədər çaylarımız Onun sayəsində doldu, daşdı, nə qədər torpaqlarımız öz doğmalarının isti ayaq izlərini hiss etdi...
İnanıram ki, qurumuş Hacıqabul gölü də həsrətlə su gözləyir və bu həsrətə də mənim Prezidentim son qoyacaq!
Qoy çaylarımız, dənizimiz, göllərimiz qurumasın, torpaqlarımız hər zaman bərəkətli olsun!