Əliqismət Səfərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin direktoru
Dünyada baş verən hadisələr onun enerji mənzərəsinin də dəyişməsinə səbəb olmuşdur. Avropa dövlətləri yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə etibarlı tərəfdaş ölkələrə üz tutmağa məcbur olmuşdur . Dövlətimizin dünyada nüfuzunun artması Avropanın, dünyanın ən böyük iqtisadi güc mərkəzlərindən biri olan Avropa İttifaqının üzləşdiyi enerji böhranından çıxması üçün ölkəmizə, cənab Prezidentimiz İlham Əliyevə üz tutmasına səbəb olmuşdur.
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 18 iyulda keçirilən görüş sonrası verdiyi bəyanatında Azərbaycanı seçməsinin səbəblərini belə ifadə etmişdir: “Qətiyyət göstərərək Avropa İttifaqını dəstəklədiyinizə görə minnətdarıq. Avropa İttifaqı Rusiyadan yan keçərək daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutdu və mən Azərbaycanı onların sırasında görməkdən məmnunam. Siz bizim üçün mühüm enerji tərəfdaşısınız”. Bu fikirləri xanım Ursula səsləndirsə də, təkcə onun fikirləri deyil, 27 dövlətin daxil olduğu Avropa İttifaqının fikridir. Bu fikirləri dinləyərkən qürur hissi keçirməmək mümkün deyil. Bir daha dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli xarici siyasət kursunun nəticəsində ölkəmizin strateji tərəfdaşa çevrildiyinin şahidi olduq.
Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə 15 ildən artıq müddətdir ki, əməkdaşlıq edir. Azərbaycandan neft və qaz hasilatı Xəzər dənizini Qara dənizlə birləşdirən kəmərlər vasitəsi ilə qardaş Türkiyəyə, oradan da Avropaya çatdırılır.
Dünyada gedən proseslər zəminində enerji təhlükəsizliyi bugün ən aktual məsələlərdən biri olmuşdur. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin bağlanmasına hazırlıq işlərinin yaxın zamanda başa çatması gözlənilir. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hər iki tərəf üçün böyük iqtisadi və siyasi əhəmiyyəti vardır.
Unutmayaq ki, aparılan düzgün daxili və xarici siyasət Azərbaycanı regionun, Türk dünyasını və ən nəhayətdə dünyanın güclü dövlətinə, söz sahibinə çevirdi. 44 günlük Vətən Müharibəsi zamanı böyük gücləri Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə, onunla hesablaşmağa məcbur etdi. Biz buna xalqın birliyi və cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində nail olduq. Avropa bunu bir daha təsdiq etmiş oldu.