Qlobal Bakı Forumunda aparılan müzakirələr mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək
Sevda Nadirova
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü Respublika gimnaziyasının müəllimi
Qloballaşma müddəti yeni fürsətləri özü ilə gətirdiyi kimi eyni zamanda yeni qlobal problemlərə yaratmaqdadır. Günümüzdə çox sayda qlobal problem olmaqla yanaşı qlobal problemlərin çoxu iç-içə keçmiş vəziyyətdədir. Məsələn, iqlim dəyişikliyi problemi əhəmiyyətli bir ekoloji və etik problem olduğu qədər köç problemləri ilə də əlaqədardır. Sağlamlıq və ictimai təhlükəsizlik problemlərini də bir-birindən ayırmaq olduqca çətindir. Ayrıca, insan hüquqları və demokratikləşmə başda olmaqla bir çox qlobal problem etik bir problem olaraq da dəyərləndirilə bilər. Buna görə qlobal problemləri bir-birindən kəskin məhdudiyyətlərlə ayırmaq çox çətindir.
İyunun 16 da ölkəmizdə qlobal miqyaslı tədbir keçirilib. 9-cu dəfədir ki, baş tutan Qlobal Bakı Forumu artıq dünyada nüfuzlu bir platformaya çevrilib. Hər dəfə müzakirəyə çıxarılan mövzular aktuallığı və əhəmiyyəti ilə seçilib. Foruma ildən-ilə göstərilən maraq da artmaqdadır, dünyanın 53 ölkəsindən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri bu tədbirdə iştirak edib.
Dövlətimizin başçısı cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan Forumun budəfəki mövzusu da xeyli önəmli məsələdir. Belə ki, hazırda dünyada bir sıra məlum ziddiyyətli proseslər gedir ki, fəsadları getdikcə artmaqdadır. Təhlükəsizlik məsələləri, ərzaq böhranı, enerji problemi dünya gündəmini bu gün zəbt edib. Belə bir məqamda bu istiqamətdə Forumda aparılacaq müzakirələrin, fikir mübadilələrinin, qəbul olunacaq qərarların faydalı olacağına əminik.
İyunun 18-dək davam edən Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.
Prezident İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğulayıb. Prezident bildirib ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. Eyni zamanda bildirib ki, Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır.
Eyni zamanda panel iclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq təsisatlara, onların fəaliyyətinə çox inanırdı. Təəssüf ki, bu, belə olmadı. Azərbaycana hərbi təcavüz edildi və Ermənistan tərəfindən işğal nəticəsində ölkəmiz öz torpaqlarını itirdi. ATƏT-in, BMT-nin üzvü olduğu halda Azərbaycan işğala məruz qaldı. Heç bir təşkilat və qurum Ermənistanı təcavüzkar adlandırmadı. Azərbaycan BMT-nin 4 qətnaməsini öz gücü hesabına yerinə yetirdi.
Bakı Qlobal Forumunun açıq dialoq, fikir mübadiləsi üçün imkanlar yaradan platforma olduğunu bildirən Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili Forumda müzakirə edilən məsələlərin önəmini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün ciddi səylər göstərir və biz hamımız bu istiqamətdə həmrəylik göstərməliyik.
Prezident İlham Əliyevin çıxışına istinadla qeyd olunub ki, Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Dövlətimizin başçısının çıxışından gətirilən sitatda deyilir: “Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropadan qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq”.
IX Qlobal Bakı Forumunun dünyada mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli rolu olacaq. Latviyanın sabiq prezidenti Valdis Zatlers sözlərinə görə, “Azərbaycanın balanslı siyasəti var. Bu səbəbdən bu cür qlobal əhəmiyyətə malik forum Bakıda keçirilir və düşünürəm ki, Azərbaycanın apardığı balanslı siyasət bir çox problemin həllinə təkan verəcək. Forum çərçivəsində aparılan müzakirələrin müsbət nəticələr verəcəyini düşünürəm”.
Sonda qeyd etmək istəyərdim ki, Prezident İlham Əliyev hələ də status xəyalları ilə yaşayanlara, Minsk qrupunu yenidən diriltməyə çalışanlara da aydın və məntiqli şəkildə yerini göstərdi. Yeni reallıqlar fonunda bu məsələlər tarixin arxivinə yuvarlanıb: “Azərbaycan qalib və güclü dövlətdir, diktə edən tərəf də odur. Ermənistan da bunu dərk etməli, prosesi ləngitməyə çalışmamalıdır”.