Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayon Yeni Suraxanı bələdiyyəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir.
Qələbə xəbərinin elan edilməsindən əvvəl Ali Baş Komandanın Ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər. 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik ŞUŞA yarası sağaldı!
Bu, Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni tarixi gündə verdi. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
Ali Baş Komandan cənab İlham Əliyevin yüksək komandanlığı altında Azərbaycan Ordusu Şuşanı azad etməklə, 28 ilin həsrətinə son qoydu. Zəfər Günü paytaxtda və rayon mərkəzlərində olduğu kimi Şüşada da Prezidentimizin iştirakı ilə hərbi yürüş keçirildi.
Şuşada çıxışında Cənab Prezident bir sıra məsələlərə toxundu. Ali Baş Komandan İlham Əliyevin Şuşadakı çıxışından aydın olur ki, həm Azərbaycan cəmiyyəti, həm də siyasi hakimiyyət 2025-ci ilin noyabrında sülhməramlıların bölgəni tərk etməsinin tərəfdarıdır. Bu rəsmi Bakının Ali rəhbərlik səviyyəsində səsləndirilən mövqeyidir. Proseslər göstərir ki, bu məsələdə geri addım atılmayacaq. Zənnimcə bu o deməkdir ki, artıq bizim heç kimə ehtiyacımız yoxdur – öz torpağımızı özümüz qorumağa, sabitlik yaratmağa qadirik.
Bu şanlı qələbəni qazanmaq məhz görkəmli lider Prezident İlham Əliyevin səyləri ilə mümkün olub. Onun uzaqgörənliyi, dünyagörüşü, səmərəli planlaşdırması, yaratdığı məhsuldar iqtisadiyyat və güclü dövlət olmasaydı, qələbə mümkün deyildi.
Bu gün Qarabağ inanılmaz səviyyədə inkişaf edir. Burada “ağıllı” şəhərlər və kəndlər yaradılır, ilk növbədə, keçmiş məcburi köçkünlərin ehtiyaclarına diqqət yetirilir. İşğal zamanı xarabalığa çevrilən Qarabağ cənab Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi sayəsində davamlı iqtisadi və sosial inkişafa doğru irəliləyir.
Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildirirlər. Dövlətimiz də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətindədir. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu məsələyə toxunaraq qeyd etdi ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır.
Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik.
Möhtərəm Prezidentimizin dediyi kimi İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada hərbçilər qarşısında çıxışı zamanı “Mən dəfələrlə deyirdim, bu gün də deyirəm, biz böyük ailəyik. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Baxın, biz başqa ölkələrin timsalında milli, dini, etnik zəmində narazılıq, toqquşma, inamsızlıq görürük. Azərbaycanda nə görürük - birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir”, - dedi.
Bu gün Azərbaycan iqtisadi cəhətdən xeyli irəli addımlayıb. Ölkəmiz müasir qlobal çağırışları nəzərə almaqla yeni inkişaf hədəfləri müəyyənləşdirərkən, ilk növbədə, özünün potensialına, geniş iqtisadi-maliyyə imkanlarına əsaslanır ki, bu da qəbul edilən strategiyaların, nəzərdə tutulan planların uğurla reallaşdırılmasını şərtləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilib. Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib.
Bununla da deyə bilərik ki, qarşıdakı illərdə Azərbaycan daha sürətlə inkişaf edəcək, Qarabağda, eləcə də azad edillmiş torpaqlarımızda quruculuq işləri geniş vüsət alacaq.