Qardaşlıq nümunəsi

Qardaşlıq nümunəsi

Çingiz  İbrahimov

Yeni  Azərbaycan  Partiyası

Göyçay  rayon  təşkilatının əməkdaşı

Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir. İki ölkə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır.  Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.  Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - deyərkən ortaya qoyduğu həqiqət bu gün davam edir, bundan sonra da eynilə davam edəcəkdir.

Fevralın 6-da  qardaş  Türkiyədə baş verən dəhşətli zəlzələdə çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycan cəmiyyətini çox sarsıtdı.  Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında oldu və öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirdi. Zəlzələ baş verən gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə danışıb, daha sonra fevralın 8 -də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib. Mehriban xanım qeyd edib ki, “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”

Prezident  cənab İlham Əliyevin göstərişinə əsasən zəlzələnin baş verdiyi ilk gündən etibarən dövlətimiz 41 nəfəri tibbi heyət olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları və digər təxirəsalınmaz yardım vasitələrini qardaş Türkiyəyə göndərib. Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.

 Bu ağır gündə  Azərbaycan xalqı könüllü olaraq qardaş Türk xalqına  dəstək olur, kimin imkanı nəyə çatırsa, onu əsirgəmir. Prezident cənab İlham Əliyevin söylədiyi kimi, Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur .

Bütün bunlar  bir daha onu nümayiş etdirir ki, Azərbaycan Türkiyə qardaşlığı, dostluğu sarsılmaz və əbədidir. Eyni zamanda bu qardaşlıq, dostluq münasibətləri  bütün dünya dövlətlərinə örnəkdir, bu əsl qardaşlıq nümunəsidir.