Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi
Çinarə Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan beynəlxalq miqyasda güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlətdir. Ötən əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev ölkəmizi vətəndaş müharibəsindən xilas edərək bütün təhdidlərə rəğmən, Azərbaycanın müstəqilliyini qorudu, milli birliyi möhkəmləndirməklə xalqımızın sərvətinə çevrilən sabitliyə, əmin-amanlığa nail oldu. Azərbaycan iqtisadi və siyasi baxımdan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş, əlverişli, cəlbedici investisiya mühiti yaradılmış bir ölkədir.
Əsrə bərabər 20 illik fəaliyyəti dövründə Ümummilli Liderin dövlətçilik, idarəçilik prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev ölkə iqtisadiyyatının dayanıqlılığını, inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, Azərbaycanı irimiqyaslı qlobal layihələrin mərkəzi, Cənubi Qafqazın lider dövləti kimi tanıtdı. Ölkəmizin iqtisadi qüdrətini gündən-günə artıran dövlətimizin başçısı uğurlu fəaliyyəti ilə Azərbaycanı ən etibarlı, güvənli tərəfdaş kimi beynəlxalq iqtisadi layihələrin vacib elementinə çevirdi. Prezident İlham Əliyevin müstəqil siyasi, iqtisadi qərarları və ən əsası, şəffaflıq amili respublikamıza rəğbəti artıraraq yeni əməkdaşlıq platformalarının yaranması ilə nəticələndi. Bununla da Azərbaycan enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda faydalı əməkdaşlıqla Avropanın enerji siyasətini müəyyənləşdirən nüfuzlu ölkə imicini qazandı. Bu fəaliyyətin fonunda Azərbaycan təkcə Avropa üçün deyil, digər qitələrdəki ölkələr üçün də son dərəcə cəlbedici məkan rolunu oynadı.
26 oktyabr 2023-cü il tarixində 230 MVt gücündə nəhəng Qaradağ Günəş Elektrik Stansiyasının açılışı və Prezident İlham Əliyevin tədbirdə iştirakı qeyd olunanların tam sübutudur. Bildiyimiz kimi “Masdar” şirkətinin investorluğu ilə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il martın 15-də qoyulub və bu stansiya Xəzər regionunda, eləcə də MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon xarici sərmayə hesabına tikilib. Xarici investisiya cəlb olunmaqla reallaşdırılan bu sənaye mərkəzi hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək ki, bunun sayəsində 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək.
Açılış tədbirində çıxış edən dövlətimizin başçısı qeyd etmişdir: “Mən Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağa qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığımı bildirmək istərdim. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir”. Prezident İlham Əliyev böyük əminlik hissi ilə milli neft və enerji şirkətləri olan ADNOS və SOCAR-ın rəsmi tərəfdaş kimi Birləşmiş Ərəb Əmirliklərində birgə işləmək üçün planının olduğunu dilə gətirmiş, məhz bu məqamın ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdalığın yeni mərhələyə yüksəldiyinin sübutu olduğunu əsaslandırmışdır.
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir çıxışı zamanı ölkəmizdən və dövlətimizin başçısı İlham Əliyevdən məmnunluğunu belə çatdırmışdır: “Zati-aliləri, mən Sizə nə qədər təşəkkür etsəm də azdır, ki Siz bizə bu qədər etimad göstərmisiniz, bizə fürsət vermisiniz. Əvvəl də qeyd etdiyim kimi, bu olduqca müdrik bir baxış, müdrik bir liderlikdir... Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan ilə olan təmaslarında hər kəsə və xüsusilə Sizə təşəkkür edirəm”.
Tədbirin sonunda “Masdar” şirkəti tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xatirə medalının İlham Əliyevə təqdim olunması dövlət başçımıza göstərilən hörmət və sayqının bariz nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünü təmin edən, iqtisadi qüdrətini artıran Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini dünyaya daşıyır.O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı səviyyəli danışıqlarda Azərbaycanın mənafeyini bütün sahələrdə müdafiə edir. Görülən bütün bu işlər inkarolunmaz reallıq kimi beynəlxalq reytinq agentlikləri tərəfindən də birmənalı şəkildə qəbul edilir ki, bu da ölkəmizin beynəlxalq arenada müsbət imicinin formalaşmasına ciddi təsir göstərir.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.