01 may tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qarabağın məşhur tarixi-memarlıq abidələri” adlı seminar-mühazirə keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib. Daha sonra video-çarx nümayiş olunub.
Seminarda çıxış edən arxeoloq, tarix elmlər doktoru, professor Hidayət Cəfərov Qarabağın qədim mağaralarından tutmuş kurqan tipli qəbirlərinədək hər bir maddi-mədəniyyət nümunəsinin dövlətçilik tariximizdəki strateji əhəmiyyətini, bu abidələrin xalqımızın bu torpaqlarda minilliklər boyu formalaşmış köklərinin rəsmi möhrü olduğunu vurğulayıb.
Seminarda çıxış edən memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Qarabağlı Qarabağ memarlıq məktəbinin milli mühəndislik və sənət dühasının zirvəsi olduğunu vurğuladı. O, regiondakı qala, məscid və mülki tikililərin özünəməxsus konstruktiv və bədii zənginliyini diqqətə çatdırıb.
Həmçinin seminarda çıxış edən Mərkəzin direktoru Xəyalə Mahmudova Suraxanı RİH-nin baş məsləhətçisi Ləman Həşimova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Dövlət İdarəçilik Akademiyasının müəllimi Ədalət Mahmudov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Əli Abuzərov Qarabağın tarixi-memarlıq abidələrinin xalqımızın çoxəsrlik mədəniyyət salnaməsi olduğunu qeyd edib və gənclərin fərdi inkişafına töhfə verən bu cür təşəbbüslərin davamlı olmasının zəruriliyini vurğulayıblar.
Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb. Seminarda iştirak edən qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.