Qarabağda böyük quruculuq işləri gedir
Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Yeni Suraxanı Bələdiyyəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində aparılan Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə başa çatdı. İşğal olunmuş ərazilərimiz rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildi. Qarşıda isə böyük işlər dururdu – Ərazilərin minalardan təmizlənməsi, yeni quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz ərazilərinə qayitması və digər işlər. Bunun üçün də müəyyən vaxt lazımdır. Artıq iki il arxada qaldı. Möhtərəm Ali Baş Komandan çıxışlarının birində deyir: “Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik.
Hər zaman olduğu kimi Prezidetimiz sözünün üstündə durdu. Böyük Zəfər qazanıldıqdan dərhal sonra 30 il ərzində doğma yurd-yuvasından zorla çıxarılan soydaşlarımızın qayıdışı üçün Qarabağda quruculuq işlərinə başlanıldı. Ötən iki il ərzində azad edilmiş torpaqlarda həyata keçirilən işlər 15-20 il ərzində görülən işlərə bərabərdir. Bütün bunlar Azərbaycan Respublikasının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əks olundu. 30 ilə yaxın müddət ərzində Vətənimizin güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin davamı olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və milli iqtisadiyyata inteqrasiyanın və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi oldu.
Belə ki, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın və Qarabağın azad edilmiş digər yerlərində yeni quruculuq işlərinə başlanıldı. İlk olaraq Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanıldı. Qısa zamanda aeroport tikilərək ötən ilin oktyabr ayında istifadəyə verildi. Təbii ki, işğaldan azad olunmuş ərazilərdə işlərin sürətli şəkildə həyata keçirilməsi, kommunikasiyanın inkişafı üçün hava limanlarının salınması vacib idi. Bundan başqa, bu ərazinin qış aylarında yüklərin daşınması üçün relyef baxımından çətin olduğu nəzərə alınaraq Laçın hava limanının tikintisinə başlanıldı. Bu hava limanı digərləri ilə müqayisədə daha çox hərbi əhəmiyyətli olacaq və Azərbaycanın hərbi mövqeyinin möhkəmlənməsində daha böyük rol oynayacaq.
Eyni zamanda müəyyən edilmiş fəaliyyət planlarına uyğun olaraq, yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi, ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması, yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, həmçinin işğaldan azad edilmiş ərazilərin etibarlı su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması, əhalinin layiqli həyat şəraitinin təmin edilməsi ilə bağlı mühüm işlər görülməyə başlanıldı.
Bu gün artıq keşmiş məcburi köçkünlərin müəyyən hissəsi yurdlarına qayıdıb. Buna misal olaraq Zəngilanın Ağalı kəndini göstərmək olar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləri oldu. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə, İkinci Ağalıda 60 ailə, Üçüncü Ağalıda isə 161 ailə yaşayırdı. Bundan başqa minalardan təmizlənmiş digər ərazilərimizdə Laçın, Kəlbəcər, Zəngilan və başqa ərazilərimizdə də təsərrüfatla, heyvandarlıqla, arıçılıqla məşğul olan yerli iş adamları da öz işlərini qurmağa başlayıb.
Qarabağda görüləcək işlərdən biri də “yaşıl enerji” zonasının yaradılmasıdır. Bu məqsədlə ötən ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb ki, azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpa olunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq işlərin görülməsi nəzərdə tutulur.
Bu layihə çərçivəsində beynəlxalq təcrübə araşdırılaraq, həmin ərazilərdə iqtisadi inkişafla yanaşı əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və s. kimi məsələlər əhatə edir. Göründüyü kimi Qarabağda böyük quruculuq işləri gedir. Hələ xeyli görüləcək işlər də var - işğaldan azad olunan torpaqlarda bərpa işlərinin sürətlənməsi xeyli dərəcədə minaların aşkarlanıb zərərsizləşdirilməsi və s. İnanırıq ki, böyük qələbə qazanan xalqımız bu çətinliyi də tezliklə arxada qoyacaq.