Qarabağ Universitetində tələbələrlə vacib görüş

Qarabağ Universitetində tələbələrlə vacib görüş
Abdulla Məmmədov
Suraxanı Rayonu, Zığ bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.nDövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.
Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb. Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.
Dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib. İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan Ordusu bir il bundan öncə dövlət suverənliyini bərpa etmişdir. Azərbaycan öz suverənliyini bərpa etdi və bütün dünyaya bir daha öz gücünü göstərdi. Təbii ki, qəhrəman Şəhidlərimiz və qazilərimizin, igid oğullarımızın sayəsində biz bunu bacardıq. Vətən müharibəsi və antiterror əməliyyatı zamanı 3200 qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucalmışdır.
İlham Əliyev çıxışında qeyd etdi ki, 30 il işğal altında olan torpaqların həsrətin çəkən məcburi köçkün ailələrinin daim yanında olmuş, 30 il ərzində onlara xüsusi diqqət göstərilmişdir. Artıq onlar öz doğma yurdlarına qayıdırlar. Müharibədən sonra abadlıq-quruculuq işləri aparılmış, məcburi köçkünlərin yerləşdirilməsi hal-hazırki günə qədər davam edir.
Qarabağ Universitetinin açılışında yüksək bal toplamış və universitetin ilk tələbələri də iştirak edirdi. Hal-hazırda 1200-ə yaxın tələbə universitetdə təhsil alır. İlham Əliyevin tələbələrlə səmimi görüşü bir daha onu göstərir ki, İlham Əliyev daima gənclərə istiqamət vermiş, onları hər zaman dəstəkləmiş və diqqət göstərmişdir.
Son olaraq onu qeyd etmək olar ki, 2020- 2023-cü illər ərzində Azərbaycan dövləti bütün dünyada öz gücünü nümayiş etdirdi və 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatının nəticəsi olaraq öz Dövlət Suverənliyini bərpa etdi. Artıq Azərbaycanda hər il 20 sentyabr Dövlət Suverənliyi Günü kimi qeyd olunur.