Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır !
Könül Namazova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin müəllimi
1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası istiqamətində qətiyyətli addımlar atıldı və müstəqil dövlətimizin xarici siyasətində yeni mərhələnin əsası qoyuldu. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu siyasi xəttin prioritetini Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirmək və milli mənafeləri qorumaq təşkil etmişdir. Həmin vaxtdan başlayaraq, müstəqil dövlətimizin xarici siyasəti beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, başqa ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulmuşdur.
Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir, ölkəmizlə əməkdaşlıq edən dövlətlərin sayını sürətlə artırır. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib dövlət olması ölkəmizə olan müsbət maraqları artırmışdır. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Xüsusilə qardaş Türkiyə dövləti ilə münasibətlər bu gün daha yüksək şəkildə inkişaf etməkdədir.
Bizim ikitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz ölkəmizin daha da güclənməsinə yönəldilmişdir və biz milli maraqlarımızı çevik və məqsədyönlü xarici siyasətlə təmin edirik və beynəlxalq təşkilatlarda fəaliyyətimiz çox təsirlidir”-İlham Əliyev
İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının beynəlxalq və daxili siyasətlə bağlı çıxışı bir çox məsələlərə aydınlıq gətirdi. Müşavirədə sosial təminat, təhsil, müharibə iştirakçılarına göstərilən maddi, tibbi və mənəvi qayğı, aztəminatlı ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində görülən və görüləcək işlər barədə də məlumat verildi. Belə ki, təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşımızı əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşımıza əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşımızı əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon vətəndaşımız əhatə olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə dövlət vəsaiti ayrılıb və nəticədə Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsünün ədalətlilik göstəricisi olan median əməkhaqqı 86 faiz artıb.
Azərbaycan Vətən müharibəsinin Zəfərlə yekunlaşmasından dərhal sonra Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya prosesinə başlanması təşəbbüsü ilə çıxış etdi. Soçi görüşündə bununla bağlı razılıq əldə edilsə də Ermənistan hakimiyyətinin qeyri-konstruktivliyi səbəbindən məsələ hələ də öz həllini tapmayıb. Ölkə başçısı son vaxtlar Ermənistan rəhbərliyinin yenə hansısa status haqqında danışmağa başladığına diqqət çəkərək bəyan etdi ki, Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev altı ay ərzində hərbi sahədə də islahatların aparıldığını vurğuladı: “Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var”