Qarabağ ECO Zirvəsi ilə yeni mərhələyə qədəm qoyur

Elvina Əhmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edərək iştirakçı ölkələrin nümayəndələrini qədim Azərbaycan torpağı Qarabağda salamlamaqla yanaşı, regionun tarixi, bugünkü reallıqları və gələcək inkişaf prioritetləri barədə mühüm fikirlər bildirib.
Prezident bildirib ki, Azərbaycan artıq üçüncü dəfədir ECO Zirvə görüşünə ev sahibliyi edir. İlk iki görüş 2006-cı və 2012-ci illərdə Bakıda keçirilmişdisə, bu dəfə tədbirin Qarabağda – Xankəndidə təşkili xüsusi məna daşıyır. Dövlət başçısı qeyd edib ki, son illərdə azad edilmiş ərazilərdə bir sıra beynəlxalq tədbirlər uğurla baş tutub: “2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, 2025-ci ilin mayında isə Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü keçirilib.”
Prezident vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İşğal zamanı Ermənistan Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, etnik təmizləmə həyata keçirmiş, bir milyondan çox insanı doğma yurd-yuvasından didərgin salmışdı. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və dağıdılmış şəhər, kənd, mədəni-dini abidələrin bərpasına başlanılıb.
Prezident İlham Əliyev Ermənistan tərəfindən Qarabağa basdırılmış minalar səbəbindən bu günə qədər 400-ə yaxın azərbaycanlının həlak olduğunu və ya ağır yaralandığını diqqətə çatdırıb.
Dövlət başçısı çıxışında deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsinin də prioritet olduğunu bildirib. O, İslam Əməkdaşlıq Təşkilatının ötən ay qəbul etdiyi, zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləyən qətnaməni yüksək qiymətləndirib.
Prezident ECO-ya üzv ölkələrlə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Ölkəmizdə müsbət sərmayə iqlimi mövcuddur, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və müxtəlif nəqliyyat dəhlizləri vasitəsilə regionun logistik mərkəzinə çevrilib. O, ECO-nun Azərbaycanda Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması istiqamətində işlərin davam etdirildiyini, bu il ilk dəfə ECO Həftəsinin keçirildiyini, Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumunun təşkil olunduğunu bildirib.
Sonda Prezident İlham Əliyev 2026-cı ildə Şuşa şəhərinin “ECO-nun Turizm Paytaxtı” elan edilməsinə görə təşəkkürünü bildirib və Zirvə görüşündə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün aparılacaq müzakirələrin əhəmiyyətini vurğulayıb.