Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək

Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək

Elnarə Ataşova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 324 saylı uşaq bağçası-körpələr evinin müdiri

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Məhz Ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.

Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilib.

Ümummilli lider Heydər Əliyev siyasətinin davamçısı cənab Prezident İlham Əliyev 20 Yanvar əlillərinə və şəhid ailələrinə daim diqqət, qayğı göstərir. Hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur Əlil və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin olunub. 13 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması ilə bağlı 19 yanvar 2006-cı il tarixli Fərmanında dəyişiklik edilməsi barədə sənəd imzalayıb. Fərmana əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün aylıq məbləği 1 yanvar 2023-cü il tarixindən etibarən 600 manat müəyyən edilib.

Həmin gün Ümummilli Hüzn Günü elan edilib. Yüz minlərlə insan faciə qurbanlarının xatirəsini yad etmək üçün Xiyabana axışırlar. Hər il 20 yanvar günü Bakı vaxtı ilə saat 12:00-da ölkənin hər bir yerində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Hüzn əlaməti olaraq dövlət bayrağı endirilir, gəmilərdən, avtomobillərdən, qatarlardan və səs siqnalları verilir.  Allah şəhidlərimizə rəhmət eləsin!