Dadaş Əliyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 281 saylı tam orta məktəbin direktoru
Cənab Prezident İlham Əliyevin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə səsləndirdiyi fikirlər, ölkə rəhbərliyinin xalqımızın tarixi torpaqlarına qayıtması məsələsini daim diqqətdə saxladığını bir daha sübut etdi.
Vətən Müharibəsində qazandığımız şanlı qələbədən sonra 30 ilə yaxın doğma yurdundan aralı düşmüş soydaşlarımız artıq həmin torpaqlara qayıtmağa başlamışdır. Bu bir daha göstərir ki, üzərindən neçə il keçməsindən aslı olmayaraq Azərbaycan xalqı öz ata yurdunu heç vaxt unutmur. Zəngilanın Ağalı kəndindən başlayan bu qayıdış bir gün bütün tarixi Azərbaycan torpaqlarına şamil olunacaq. O cümlədən də Qərbi Azərbaycana.
Əfsuslar olsun ki, tarixi torpaqlarımızdan ayrı düşdüyümüz bu müddət ərzində düşmən, xalqımızın tarixi irsini məhv edərək onu saxtalaşdırmaq üçün əlindən gələni etmişdir. Xalqımıza məxsus mədəniyyət abidələrini məhv etmiş, məscidlərimizi dağıtmışlar. Biz dünya ictimaiyyətinə bununla bağlı dəfələrlə müraciət etmişik. Təkcə Qarabağdakı erməni vəhşilikləri ilə bağlı ATƏT-in faktaraşdırıcı missiyası iki dəfə işğal altındakı torpaqlara göndərilmişdi. Buna baxmayaraq onların məruzəsində yenə də ikili standartlar görürük. Ancaq nə qədər çalışsalar da Qarabağdan silə bilmədikləri kimi Qərbi Azərbaycandan da xalqımızın izini silə bilməyəcəklər. Çünki bizim əlimizdə o torpaqların bizə məxsus olduğunu sübut edən kifayət qədər sənədlər, xəritələr vardır. XX əsrin əvvəlinə aid xəritələr sübut edir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, İrəvan qədim Azərbaycan şəhəridir. İstər Ulu Öndər Heydər Əliyev, istərsə də cənab Prezident İlham Əliyev öz nitqlərində bu tarixi həqiqəti dəfələrlə vurğulamışlar.
Müsəlman şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm rolu olmuşdur. Ancaq İrəvan məsələsində sərgilədiyi qətiyyətsiz mövqe, İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi səhv idi. Ölkəmiz sovet işğalına məruz qaldıqdan sonra ermənilərin təkidi və Azərbaycana rəhbərlik edənlərin də ciddi müqavimət göstərməməsi nəticəsində torpaqlarımız Ermənistana hədiyyə edildi. Zəngəzuru Azərbaycandan ayırmaqda məqsəd Azərbaycanın Naxçıvanla və Türkiyə ilə əlaqəsini kəsərək Türk Dünyasını bölmək idi.
Ərazilərimiz hissə-hissə qoparıldıqdan sonra soydaşlarımızın da o bölgələrdən deportasiya edilməsi planı həyata keçirilməyə başlandı. Bu, sovet hökumətinin Azərbaycana qarşı növbəti cinayəti idi. 1948-1953-cü illərdə minlərlə soydaşımız Qərbi Azərbaycandakı yurd-yuvasından didərgin salındı. Xalqımıza qarşı növbəti ədalətsiz addım 1980-ci illərin sonunda başladı. O vaxt hakimiyyətə gələn Qorbaçov, Ulu Öndər Heydər Əliyevin nüfuzundan qorxaraq onu vəzifədən uzaqlaşdırdı. Bundan istifadə edən ermənilər, cəmi iki həftə sonra yenidən separatçılıq fəaliyyətinə başladılar. Sovet rəhbərliyinin də dəstəyi ilə Qarabağın Azərbaycanın tərkibindən çıxarılması cəhdinə paralel olaraq o vaxtkı Ermənistan Respublikasında yaşayan azərbaycanlıların öz vətənlərindən qovulmasına başlanıldı. Sovet hökumətinin gözü önündə baş vermiş bu cinayətlər nəticəsində 300-dən çox şəhər və kənddə yaşayan azərbaycanlılar 3 il ərzində öz ev-eşiklərindən zorla çıxarıldı.
Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi biz, iki il əvvəl öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik. Düşmənləri torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdik. Cənab Prezident qeyd etdi ki, bu ilin sentyabr ayında biz, Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirdik. Bunun nəticəsidir ki, bu gün biz tarixi şəhərlərimizi vizual müşahidə edə bilirik. Biz Bala Göyçənin sahilindəyik və Göyçə gölünü binoklsuz görürük. Sentyabr döyüşlərinin əhəmiyyətinə toxunan cənab Prezident bu toqquşmaların bizi, Ermənistanda baş qaldıran revanşist qüvvələrin gələcəkdə atacağı ağılsız addımlara qarşı sığortalayacağını qeyd etdi. Bizim həm döyüş meydanında, həm də diplomatik sahədə qazandığımız qələbələr, bir daha Azərbaycan dövlətinin və ordusunun gücünü dünyaya nümayiş etdirir. Bu qələbələr, bizi gözü götürməyənlərə də dərs olur. Bu gün Laçın yolunda baş verənlər də bir daha sübut edir ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmadığı kimi, təbii sərvətlərinin də talanmasına göz yummayacaqdır.
Biz tam əminik ki, bu gün Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi bir gün Qərbi Zəngəzura, Göyçəyə və İrəvana da qayıdacağıq.
Sonda onu da qeyd etmək istərdik ki, öz doğum gününü hər zaman Azərbaycan xalqı ilə birlikdə qeyd edən cənab Prezident bu dəfə də bu ənənəni davam etdirdi. İnanırıq ki, 11 il öncə Ağcabədidə məcburi köçkünlərə dediyi kimi Qarabağda onların evinə qonaq olan Müzəffər Ali Baş Komandan, gün gələcək Qərbi Azərbaycanlıları da öz doğma torpaqlarında ziyarət edəcək.