Prezidentin Sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur

Prezidentin Sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur

Seyid Seyidov   

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini              

Suraxanı Rayonu, Zığ QİƏD üzrə nümayəndənin müavini

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.

Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işğaldan azad edildi. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi.

Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13 minədək fərdi mənzil, 37 min 852 ha meşə sahəsi ermənilər çıxarılanadək talan edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.

Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Bununla bütün dünya şahidi oldu ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir.

Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanı ödəməyə məcbur ediləcək.

Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa işləri görülür. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin diqqət və nəzarəti altında Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.