Prezidentin müsahibəsi bugünkü reallıqları və sabahkı hədəfləri dolğun əks etdirən strateji sənəd mahiyyəti daşıyır
Rəna Nəsibzadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 42 saylı şəhər poliklinikasının baş həkimi
Prezident cənab İlham Əliyevin 2026-cı ilin 5 yanvar tarixli müsahibəsində də qeyd etdiyi kimi, mətbuatla belə görüşlər artıq ənənə halını alıb. Hər ilin əvvəlində Azərbaycan ictimaiyyətinə birbaşa müraciət etməklə ilin yekunları açıqlanır, görülən işlər qiymətləndirilir və gələcək planlar aydın şəkildə təqdim olunur. Bu format dövlət başçısı ilə cəmiyyət arasında şəffaf və açıq dialoq mexanizmi yaradır.
Ötən 2025-ci ildə xarici siyasətlə yanaşı, digər bir çox sahədə böyük inkişaf qeydə alınıb. İqtisadiyyat və maliyyə dayanıqlılığı Azərbaycanın ehtiyatları xarici borcu 17 dəfə üstələyir, xarici borc ÜDM-in 6 faizindən bir qədər çoxdur və bu, tarixi minimumdur. Nəhəng investisiya layihələri və Qarabağın bərpası fonunda belə bu göstəricilər iqtisadiyyatın güclü dayanıqlılığını nümayiş etdirir. 11 ayda ÜDM-in 3,2 faiz artması, neft hasilatı sabitləşdikdən sonra daha yüksək rəqəmlərin gözlənilməsi bu inamı möhkəmləndirir.
Enerji təhlükəsizliyi və yaşıl enerji Azərbaycan bu gün 14 ölkəni, o cümlədən 11-ni müntəzəm əsasda qazla təchiz edir. Şaxələndirilmiş boru kəməri sistemi ölkəmizi Avropa üçün mühüm enerji tərəfdaşına çevirib. Təkcə külək enerjisi potensialının 150 giqavatdan çox olması, qısamüddətli dövrdə 8 giqavat enerji əldə etmək planları Azərbaycanın yaşıl enerji strategiyasını aydın şəkildə göstərir.
Son beş ildə ordu quruculuğu fasiləsiz davam edib. Yenidən silahlanma, yeni silahlı dəstələrin yaradılması və hərbi sənaye sahəsində özəl sektorun iştirakı gücləndirilib. Artıq 7 özəl şirkət hərbi məhsul istehsal edir, ötən il bu sahədə 1,4 milyard manatlıq məhsul istehsal olunub. Prezidentin vurğuladığı kimi, biz güclüyük, ayıq olmalıyıq və bir daha heç vaxt torpaqlarımızın tapdaqlanmasına yol verilməyəcək.
Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri çox vaxt işləmir. Buna baxmayaraq, İkinci Qarabağ müharibəsindən beş il sonra bütün dünya yeni reallıqları qəbul edib. Azərbaycan hər zaman həqiqətə və ədalətə sadiqdir və heç kimin naminə öz vətəndaşlarının həyatını riskə atmaq niyyətində deyil.
Son illərdə 16 min şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib. Yol-nəqliyyat infrastrukturu, Bakıda 10 yeni metro stansiyasının tikintisi, mikromobillik və ictimai nəqliyyata üstünlük verilməsi şəhər həyatının keyfiyyətini yüksəltməyə xidmət edir. Bakı-Sumqayıt dəmir yolu artıq fəal işləyir, yeni ictimai məkanlar yaradılır.
Dil, təhsil, turizm və gələcəyə baxış Prezident Azərbaycan dilini dövlətçiliyin əsas atributu kimi qiymətləndirərək vurğuladı ki, 50 milyondan çox azərbaycanlının dili heç bir dilin kölgəsində qala bilməz. Son 20 ildə 10 yeni ali təhsil müəssisəsinin yaradılması, gənclərin həm ölkədə, həm də xaricdə təhsil alması insan kapitalının gücləndirilməsinə yönəlib. Turizmin inkişafı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisi də planlaşdırılır.
İşğaldan azad edilmiş rayonlar bu gün beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli gələcəkdə ölkənin digər bölgələrinə də tətbiq oluna biləcək nümunə kimi dəyərləndirilir. Bu ərazilərdə artıq 70 min insan yaşayır, enerji sistemi dairəvi formada qurulub və mərkəzə enerji ötürülür.
Prezident cənab İlham Əliyevin müsahibəsi Azərbaycanın bugünkü reallıqlarını və sabahkı hədəflərini dolğun şəkildə əks etdirən strateji sənəd mahiyyəti daşıyır.