Prezident Xocalı Soyqırımı Memorialının açılışında tarixi məqamlara toxunub
Yasin Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan tarixinin ən faciəli, eyni zamanda ən ibrətamiz səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın yaddaşına qanla yazılmış bir həqiqətdir. Bu həqiqət illər keçsə də unudulmur, əksinə, hər ötən il daha aydın şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Xocalı tarixin acı izlərini dərindən hiss etdirən Azərbaycan şəhəridir. 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri və 366-cı Rusiya hərbi alayı burada dinc azərbaycanlı sakinlərə qarşı soyqırım törədərək 613 nəfərin qətlinə səbəb oldu. 30 ildən çox davam edən işğalın sonunda Xocalı 24 sentyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildi və beynəlxalq hüququn bərpasına yeni mərhələ yarandı. İşğal illərində tarixi-memarlıq abidələri dağıdıldı, bir çox ailələr doğma yurdlarını tərk etmək məcburiyyətində qaldı.
Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ordusunun qalib kimi ayaq basdığı torpaqlarımız Xocalı qurbanlarının ruhlarına dinclik gətirir: “Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq Qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.
Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir.
Xocalı torpağında Memorial Kompleksin açılması sıradan bir mərasim deyil, bu, tarixi ədalətin bərpasının simvoludur. Uzun illər işğal altında qalmış ərazidə bu cür möhtəşəm abidənin ucaldılması həm siyasi, həm də mənəvi qələbənin ifadəsidir.
Bu gün Xocalıda ucaldılan Memorial Kompleks təkcə şəhidlərin xatirəsini əbədiləşdirmir, eyni zamanda Azərbaycan dövlətinin suverenlik iradəsini nümayiş etdirir. Əgər bir zamanlar həmin torpaqlarda vəhşilik törədilmişdisə, bu gün orada ədalət və dövlətçilik rəmzi ucalır.
Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı xüsusi tarixi məna daşıyır. Dövlət başçısı vurğulayıb ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı və Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra bu torpaqlarda yenidən həyat qurulur. Memorialın məhz Xocalıda açılması – faciənin baş verdiyi məkanda ucaldılması – ədalətin təntənəsidir.
Bu hadisə həm də beynəlxalq ictimaiyyətə açıq mesajdır: Azərbaycan öz tarixini unutmur, şəhidlərinin xatirəsini uca tutur və ədalətin təmin olunması üçün prinsipial mövqeyindən geri çəkilmir.
Memorial Kompleks gələcək nəsillər üçün həm yaddaş məkanı, həm də vətənpərvərlik məktəbi olacaqdır. Burada ucalan hər bir abidə elementi xalqın ağrısını, mübarizəsini və nəhayət qələbəsini simvolizə edir.
Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı.
Memorialın açılışı Azərbaycan tarixində mühüm bir hadisə kimi yadda qaldı. Bu mərasim təkcə bir abidənin açılışı deyil, həm də milli yaddaşın, ədalətə inamın və dövlət qətiyyətinin təcəssümü idi. Prezident İlham Əliyevin çıxışı isə Xocalı həqiqətlərinin daim yaşayacağını və heç vaxt unudulmayacağını bir daha təsdiqlədi.